www.xeyreddinqoca.tr.gg
   
  Xeyrəddin Qoca
  Əsas səhifə
 

  
 Xeyrəddin Qoca


(Xeyrəddin Sayəddin oğlu Qoca)

    Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur.

    1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetə  qəbul olunmuş,1971-ci ildə ali məktəbi bitirmişdir.

    1975-1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda  təhsil almışdır.

      Ordu sıralarında xidməti borcunu yerinə yetirdikdən sonra (1971) uzun müddət qəzet-jurnal redaksiyalarında,Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir."Politexnik" qəzetində müxbir (2.03.1974-03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977-08.1978,  26.07.1982-2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978-6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987-29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991-08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991-04.1992, 1.02.1993-04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992-1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992-02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993-12.1997) vəzifəsində çalışmışdır.

       X.Qocanın jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı respublikamızda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnallarda dərc edilmişdir.Xaricdə və respublikamızın televiziya və radio efirində  yüzlərlə verilişi,sujeti və çıxışları səslənmişdir.Onun səs yazılarının bir qismi,video-lentlərə yazılmış tamaşaları Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində,qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S.Mumtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində,son yaradıcılıq məhsulları isə şəxsi arxivində qorunub saxlanılır.
      1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

     1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin Istanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləmişdir.Ona 1ci- dərəcəli Fövqəladə və Səlahiyyətli  Elçi rütbəsi verilmişdir.

   Azərbaycan Jurnalistlər İttifaqı (1979) və Yazıçılar(1996) Birliyinin üzvüdür.Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun İdarə Heyətinin üzvüdür (2008).

       Yazıçı -satirik "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000),Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar" (2002), "Gərək yazam..." (2003), "Hərənin öz payı" (iki hissəli satirik komediya) (2003), "Pyeslər " (2004), "Bu da belə həyatdır..." (2008), "Biz bizə bənzərik..." (2010) adlı kitabların müəllifidir.

      O,böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirmişdir.

      Dramaturqun Akademik Milli Dram Teatrında "Hərənin öz payı..." adlı iki hissəli satirik komediyası tamaşaya qoyulmuşdur (2002). Onun "Qonşulaşma,qohumlaşma ,kirvələşmə" adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004)."Düzü-düz,əyrini-əyri" (2006), "Bu bizim zamanədir" (2007), "Toy olacaq..." (2008) adlı pyesləri Azərbaycan Milli radiosunun tamaşaları kimi efirdə səslənilmişdir.

       Ədibin həyat və yaradıcılığına  həsr olunmuş "Xeyrəddin Qoca" (foto-kitab) (2000) və "Ömür belə keçir..." (2004) adlı kitablar nəşr olunmuşdur."Çinar-çap" nəşriyyatı  "Xeyrəddin Qocanın gülüşü" adlı miniatür kitab  buraxmışdır (2007). İctimai Televiziya yazıçı haqqında  "Ömür belə keçir..." adlı film çəkmişdir. (2009).Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Bilirəm,səsim xoşunuza gəlməyəcək..." adlı satira gecəsi keçirmişdir (avqust 2003).

        Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. (19 mart 2007-ci il).

         O,uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olmuş,qəzetin işində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuş (1986), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə görkəmli xidmətlərinə görə "Qızıl qələm" (1994) mükafatına layiq görülmüşdür.Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" (1995) mükafatını almışdır.Mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə,ədəbi-bədii,publisistik yazılarında vətəndaşlıq mövqeyinə ,satira və yumor janrındakı kitablarına görə "Araz" Ali Ədəbi Mükafatı (2001) ilə təltif olunmuşdur."Pyeslər " kitabında, "Hərənin öz payı...", "Qonşulaşma,qohumlaşma,kirvələşmə", "Bu bizim zəmanədir..." kimi dram əsərlərində ictimai problemləri işıqlandırdığına,güclü satirik-yumoristik təhkiyəsinə,özünəməxsus üslubuna,estetik-sənət axtarışlarına görə Bakı Kitab Bayramında Milli Kulturoloji mükafat-Diplom almışdır ( 2005).

          Ailəlidir,üç övladı var.

    

 
 
  Copyright © 2010  
 
www.xeyreddinqoca.tr.gg Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol