www.xeyreddinqoca.tr.gg
   
  Xeyrəddin Qoca
  Fikirlər,rəylər
 



ANAR, Xalq yazıçısı:

   "Satirik olmaq cəsur olmaqdır,heç nədən qorxmamaqdır.Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir..."

QABiL, Xalq şairi:

   "Xeyrəddin yazıçıdır,gözəl miniatürlər ustasıdır.Onun balaca bir hekayəsi bir romana bərabərdir.Balaca bir qeydi bir povestə bərabərdir.Mən Xeyrəddin Qocanın qələminə hörmət bəsləyirəm".

CABiR NOVRUZ, Xalq şairi:

   "Beş il deputat olduğum Milli Məclisdə qazandıqlarımdan biri (şübhəsiz ki,mənəvi dəyərlər mənasında) X.Qoca ilə dostluğum olub.Əvvəllər mən onun adını eşitmişdim,imzasını tanıyırdım,xalqımızın böyük oğlu H.Əliyevin ağır günlərində,bəlkə də az-az jurnalistlərdən biri kimi cəsarətlə,qorxmadan öz publisistik yazıları ilə müdafiəsinə qalxdığını bilirdim.Onu da bilirdim ki,Xeyrəddin həm də satirik,yumoristik hekayələr müəllifidir.Milli Məclisə deputat seçildiyi ilk gündən şəxsi tanışlığımız başladı.Daha doğrusu,onunla 5 il bir sırada əyləşdik və mən onu daha yaxından tanıdım.Və gördüm ki,o,yazılarında olduğu kimi cəsarətli,dostluqda etibarlı,mehriban,səliqə-sahmanlı,sözündə düz,həssas və xalqını ürəkdən sevən bir insandır.
    Sonralar satirik səpkidə yazılarını,daha bir sıra hekayələrini,kitablarını oxudum.Böyük  məmnuniyyətlə Xeyrəddin Qocaya Yazıçılar birliyinə üzv olması üçün zəmanət verdim.Sonralar bizim aramızda olan dostluq münasibətləri daha da bərkidi.İnaniram ki,aramızda olan bu mehribanlıq,yaxınlıq daim davam edəcəkdir.
   Mən Xeyrəddin Qocaya yaradıcılığında,şəxsi və ictimai fəaliyyətində uğurlar diləyirəm". 

ELÇİN, Xalq yazıçısı:

   Xeyrəddin Qocanın bədii yaradıcılığı da,publisistik fəaliyyəti də həmişə xalqımızın istək və arzularını ifadə etmişdir.Onun satirası əyriliyə nifrət,eybəcərliklərə barışmaz yazıçı-vətəndaş münasibətini meydana çıxarır,xalqa məhəbbətini,xeyirə inamını ifadə edir.

İMAMVERDİ ƏBİLOV, professor:

    Məzmunlu ,mənalı ömründə ictimai-diplomatik,ədəbi-estetik fikir tariximizə əlavələr möhürlənmiş yaradıcı ziyalı kimi Xeyrəddin Qocaya millət məhəbbətinin sirrini sadalamaq zərurəti yaranarsa,tərəddütsüz sadalardım:sadəlik,təkəbbürə nifrət,ailə-övlad,ata-ana mehrinə sonsuz tələbat,sahilsiz ehtiyac,klassik irsə bağlılıq,yumora lirik münasibət,sözübütövlük,cəsarət,mənəvi təmizlik.
   
Onun sosial-estetik idealındakı milli müəyyənlik yaradıcılıq yolunu davam etdirən nəsil üçün əsl örnək,nümunə məktəbi olmalıdır.Mən ondakı milliliklə fərdiliyin vəhdətinə heyranam.Xeyrəddin Qoca hürriyyət təşnəli ədəbiyyatımızın satirik ruhlu,yumoristik qayəli,humanist təbiətli yorulmaz nümayəndəsidir.

İSA HƏBİBBƏYLİ, akademik:

   Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli təmsilcisidir.Yığcamlıq,hazırcavablıq,konkret hədəf seçmək,sərrastlıq onun satirik nəsrinin ana xəttidir.Ədib Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın "marallarının" bədii obrazlarını yaratmağa müvəffəq olmuşdur.Xeyrəddin Qocanın "marallar"ı həm də Molla Nəsrəddin "marallarının" davamçıları,xələfləridir.
    O,satirada qüdrətli yazıçı və vətəndaş,publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi  " Molla Nəsrəddin" ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır.
    Fəal vətəndaşlıq mövqeyi,habelə,qələm vərdişlərinin yetkinliyi yazıçının publisistikasının səciyyəvi xüsusiyyətləridir.Ümumiyyətlə,o,müstəqillik dövrü Azərbaycan publisistikasının tanınmış nümayəndəsi,satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir.

PƏNAH XƏLİLOV, filologiya elmləri doktoru,professor:

  "Mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin " Marallar" ı yadıma düşdü.Demək istəyirəm ki,Xeyrəddin Qocanın əsərlərində o kişinin ruhu yaşayır.Onun açdığı,qoyduğu cığırı indi Xeyrəddin Qoca öz əsərlərində yaşadır".

ZƏLİMXAN YAQUB, şair:

 "Xeyrəddin Qoca yazıçıdır,jurnalistdir,qələm adamıdır,ədəbiyyat adamıdır,ziyalıdır.Cəlil Məmmədquluzadədən gələn,Əbdürrəhim bəy Haqverdiyevdən gələn,haradasa Yusif Vəzir Çəmənzəminlidən gələn,Sabirin ruhundan süzülən İlahi duyğular bu gün Xeyrəddin Qocanın dövrlə,zamanla bağlı nəfəsində ayrı bir ahəngdə səslənir.O,bu yazıçıların ruhunu özündə ehtiva
eyləyir ".

NİZAMİ CƏFƏROV, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,professor:

"...Yazıçının tənqid hədəfləri daha çox Azərbaycan cəmiyyətinin və Azərbaycan insanının son illərdə "qazandığı" yeni qüsurlardır: sözü oldu-olmadı,qəzet çıxarıb söz demək həvəsi;partiya,cəmiyyətlər yaradıb 
" üzə çıxmaq" ehtirası;nazir,prezident olmaq mərəzi...Müəllif göstərir ki,həmin ictimai bəlalar,hər şeydən əvvəl,şəxsiyyəti öldürür,cəmiyyətin harmoniyası üçün əsas şərtlərdən biri olan xarakteri məhv edir...

   Xeyrəddin Qocanın yumoristik hekayələrində Mixail Zoşşenkodan da,Əziz Nesindən də,Cəlil Məmmədquluzadə,Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var.Lakin bu hekayələrin,lətifələrin,zarafatların müəllifi məhz onun özüdür-Xeyrəddin Qocadır.

HİDAYƏT, şair:

  "Xeyrəddin Qoca yüksək tərifə,xoş sözlərə layiq şəxsiyyətdir,layiq ziyalıdır,layiq yazıçıdır.Xeyrəddin gözəl puplisistdir,gözəl jurnalistdir,gözəl nasirdir,gözəl satirikdir.Mənə elə gəlir ki,o,həyatdan bir sujet götürür və onu olduğu kimi verir.Bəlkə də Xeyrəddin bu sujeti həyatdan götürmür.Yazdıqları yaradıcılıq təxəyyülünün məhsuludur.Lakin mən həmişə Xeyrəddinin bədii yazılarında,publisistikasında təsvir etdiyi sujetlərdə bir bütövlük görmüşəm.Mənim diqqətimi o cəlb edir ki,Xeyrəddin bir sujeti götürür,işləyir və sonra da deyir ki,"Hərə öz payını götürsün".
     Özü də payını götürür.Xeyrəddin deyir ki," Mən öz obrazımı da yaradıram ".

 SABİR RÜSTƏMXANLI, Xalq şairi:

 " Mən Xeyrəddin Qocanı lap çoxdan tanıyıram.Bilirəm ki, o,yazıçıdır,bilirəm ki,o, jurnalistdir,bilirəm ki,o,Azərbaycanın gələcəyini gözəl görmək istəyən adamdır,o,Azərbaycanın taleyini düşünən adamdır,Azərbaycanı bütöv görmək istəyən adamdır ".
    Xeyrəddin nə qazanıbsa,haqqı ilə qazanıb,nə qazanıbsa,qələmi ilə,sözü ilə,zəhməti ilə qazanıb.
   Xeyrəddin Qoca hansı mübarizələrdən keçib,mən bilirəm...
   Biz onunla mənəviyyat məsələsində birik,Azərbaycanın taleyi məsələsində,Araz məsələsində,o tay-bu tay məsələsində birik.
   O,ilk hekayələrini redaksiyada işləyəndə mənim yanıma gətirib,fikirlərimi soruşurdu.Deyirdim ki,Xeyrəddin,sən usta yazıçısan,fikirlərini,düşüncələrini gizlətməyən,qələminə hörmət edən yazıçısan...

FLORA XƏLİLZADƏ, publisist:

 "Onun sözü də,özü də,göz önündədir.Duyduğum odur ki,Xeyrəddin Qoca çox maraqlı,orijinal fikirli bir müsahibdir.Ütülü danısıq,nədənsə çəkinmək,barlanmaq istəyi,kiməsə xoş gəlmək onun təbiətinə tamamilə yaddır.Torpağına,ailəsinə,ən başlıcası qələminə bağlı bir insandır.Sənətin sıra nəfərliyindən başlanan yollar onu millət vəkilliyinə,xarici ölkədə respublikamızın Baş konsulu olmaq şərəfinədək aparıb.İrəliyə baxmağı sevən jurnalist,yazıçı qardaşımız geriyə boylanmağı da
  unutmur ". 

TEHRAN ƏLİŞANOĞLU, tənqidçi-publisist:

"Gülüş yaratmaq,dodaqlara təbəssüm qondurmaq heç də asan sənət deyil.
 Xeyrəddin Qoca bunu bacarır.O,öz "marallar" ı ilə Əbdürrəhim bəy Haqverdiyevin gülüşü və satirasının hələ bu gün də önəmini itirmədiyini bir daha təsdiq etdi.Xeyrəddin Qocanın miniatürlərində  
  "Marallarim" və  "Kirpi" gələnəklərinin qəribə şəkildə uyuşduğunu görürük ".

DURSUN ÖZDEN, Türkiyədə çıxan  "Hürriyyet" qəzetinin müxbiri:

 "Azərbaycan yazıçısının türkcəyə çevrilən son 
  əsəri- "Bu dünyadan məktublar..." əslində eybəcərliklərin mövzusu baxımından maraqlı,kəsərli bir satira nümunəsidir.
      
Xeyrəddin Qoca Nəsrəddin Xoca kimidir...Türk oxucularına  "Bu dünyadan məktublar..." kitabını mütləq oxumalarını məsləhət görürük.Xeyrəddin Qocanın ümid və isıq dolu böyük ürəyindən gələn sevgi və hərarət içinizdə isıq yandıracaqdır.Çevrəniz sizin üçün aydınlaşacaq və ürəkdən güləcəksiniz.Həm də mütləq düşünməyə vadar olacaqsınız..."

CAMAL ANADOL, türk professoru:

 "İşdə,Azərbaycanın Əziz Nesini dediyimiz Xeyrəddin Qoca,bu əsəri ilə illərdən bəri cəmiyyətdəki müşahidələrinə dayanaraq hüzurlarınıza çıxır... 
    Azərbaycan ədəbiyyatında özəl yeri olan,əsərləri oxucuları tərəfindən həsrətlə gözlənilən Xeyrəddin Qoca,yaradıcılığının təməl qaynağını Azərbaycanda yumor və satira kimi incə janrların ustadları ölməz Cəlil Məmmədquluzadə,Əbdürrəhim bəy Haqverdiyev və Mirzə Ələkbər Sabirdən götürmüşdür...
     Kitabdakı fikirlərin çoxu Türkiyə toplumuna da asanlıqla adaptasiya ola biləcək bir dəyər daşımaqdadır..."

İRFAN ÜLKÜ, yazıçı:

    Xeyrəddin Qocanın  "Bu dünyadan məktublar" ını oxuyun, "biz-bizə bənzəriz" fikrinin nə qədər gerçək olduğunu görəcəksiniz...


 




 
 
 
  Copyright © 2010  
 
www.xeyreddinqoca.tr.gg Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol