www.xeyreddinqoca.tr.gg
   
  Xeyrəddin Qoca
  Məqalələr
 

     

    X.Qocanın 100-dən çox adda qəzet-jurnalda jurnalistikanın müxtəlif janrlarında,ədəbi mövzularda minlərlə yazısı dərc olunmuş,o,xaricdə və ölkəmizin televiziya,radio efirində saysız çıxışlar etmiş,efir üçün sujetlər hazırlamış,haqqında yüzlərlə  məqalə yazılmışdır.
 



 
 
  "Marallar"ın xələfləri
 
 
     
 
 
Satiramızın təməl babası M.Ə.Sabir böyük bir vətəndaş ağrısı və təəssüfü ilə "Mən hələ gördüyümün dörddə birini yazmayıram" - deyirdi. Sözün doğrusunu yazmağın hünər olduğu zamanların qələm adamları bu gördüklərini "nüki-bəd" edib diqqəti vəziyyətdən çıxış yollarına yönəldirdilər. Nə qədər çətin, ağrılı və təhlükəli olsa da, möhkəm təməli qoyulurdu sözün doğrusunu deməyin. Öz dövrü üçün bu doğru sözü M.f.Axundzadə, H.Zərdabi, Mirzə Cəlil, Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Haqverdiyev yazdı. Bu görkəmli sənətkarların mənəvi varislərindən biri olan tanınmış yazıçı Xeyrəddin Qoca çağdaş ədəbi həyatımızda gördüklərini "nüki-bəd" eləyib cəmiyyətin diqqətinə təqdim etməyi özünə vətəndaşlıq borcu bildi, böyük sələfləri kimi çatışmazlıqları, sosial bəlaları, eybəcərlikləri faş etməyin zərurətini anlatdı. "Ola bilməz ki, satira və yumorun kiməsə az da olsa təsiri olmasın" qənaətilə baş-başa yazdı-yaratdı. Onun bu qənaət və amalla yazdığı çoxsaylı kitabları sırasında yaxın günlərdə "İdeal-Print" nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr edilən "Biz bizə bənzərik…" kitabı da yer aldı. Öz üslubuna sadiq qalan Xeyrəddin Qoca bu dəfə də ədəbi "marallar"ının yağını yağ, ayrınını ayran üstə çıxardı. Bir ucu yüz il əvvələ - "Molla Nəsrəddin"in nəşrə başlayıb, intişar etdiyi dövrə, bir ucu da çağdaş zəmanəmizə, günümüzün reallıqlarına söykənən, əslində bütün dövrlər üçün gündəmdə olan sosial ədalətsizliklərin, problemlərin kökünə gedib çıxdı, böyük sələfləri kimi bu problemləri faş edə-edə oxucu yaddaşını, düşüncəsini, ətrafa münasibətini vətəndaş yazıçı cəsarətilə dönə-dönə silkələdi. Kəskin sarkazm yolu ilə yox, səmimi yumor, ironiya, istehza, atmaca, ikibaşlı sözlər vasitəsilə.
"Başağrısı olmasın, mənim gördüyüm, görməməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil…"
Ədəbi ənənəyə söykənən, cəmiyyətdəki bütün eybəcərliyi bir yerə toplayıb onlara birlikdə gülmək ustalığı X.Qocanın "Biz bizə bənzərik…" kitabını da şərtləndirir. Cəmiyyətin ümumi bəlasına çevrilən tanış cizgilər, umacaqlı münasibətlər bu kitabdan bol-bol keçir. Bu tanışlıqdan məyus, xəcil olsa da, təqdim olunan personajlar və problemlərlə çağdaş olmağımızın reallığından qaça bilmirik. Cəhənnəmin reklam olunan çal-çağırına, bər-bəzəyinə valeh olub cəhənnəmə göndərilmək yalvar-yaxarı edən binəvanı necə başa salasan ki, ay bədbəxt, sənin gördüklərin reklam idi… Bütün mənəviyyatsızlığı ilə aləmə bəlli olanların bir özgəsinə "qardaşoğlu, neynirsən pulu-zadı, əsas mənəviyyatdır, mənəvi zənginlik hər şeydən üstündür" dərsi verməsini necə həzm edəsən? Kitabı oxuya-oxuya bu zəmanədə adamsız - karlı dayısız olmağın acısını (nə qədər kədərli və gülünc olsa da) dönə-dönə yaşayırıq. Özgələrin güvə düşmüş dağarcığını özününkülərə qumaş yerinə sırımaq istəyənlərin manqurt xislətlərinə ağrılı bir ironiya yaşanır "Biz bizə bənzərik…"də.
Bəzi millət vəkillərinin qanun yazmaq əvəzinə cümlə düzəltmək işgüzarlığı, başabəla nazirlərin "hazıra nazir olmaq" səlahiyyəti, vəzifə sahiblərinin "biz rüşvət almırıq, bizə "hörmət edirlər" məntiqi, tapançanın beldə, zopanın əldə olmasını əsl kişi peşəsi bilənlərin cılız təbiətləri X.Qocanın təqdimində gülməli və ağlamalıdır. Müəllif əl çala-çala alçalanların kölə təbiətini, "əyilmək də pulla deyil ki!" məntiqilə yaşayanların qul xislətini ustalıqla qələmə alır. Səhnəyə, ekrana-efirə istedadını yox, çılpaq bədənini çıxaranlara acı bir eyhamla işarə edir: "Deyəsən veriliş mənə yaman təsir edib, xəstə kimi olmuşam. Çünki harada yarıçılpaq qız görürəm, ona yazığım gəlir. Elə bilirəm, dilim-ağzım qurusun, onu yeyəcəklər…"
"Biz bizə bənzərik…"də küçüyün hürə-hürə it olması yaşamını həyat normasına çevirənlərə, "papaq olmasın şlyapa olsun, nə fərqi?" prinsipsizliyinə vərdiş edənlərə davamlı bir etiraz yaşanır. Cəmiyyəti qudurmuş it kimi tutmağı bacaranların ayağına verməklə idarə etməyi özlərinə iş metodu seçənlərin hökmranlığına davamlı nifrət "Biz bizə bənzərik…"də üst qatdadı.
"Mən sizə xidmət edirəm" hekayəsində təqdim edilən şöbə müdiri Qurbanov müəssisənin direktoru Əli Nadiroviçin fikrinə hesablanıb, müdirin "yaxşı" dediyinə yaxşı, "pis" dediyinə pis deməklə yerini isti salır. Müdirin təəccübləndiyini görəndə Teymurləngin plov qonaqlığını yada salır, o məşhur qonaqlıqda Molla Nəsrəddinin plovu fatehin könlüncə tərifləməsini, yaxud pisləməsini, "mən hökmdara xidmət edirəm, plova yox" - deməsini dilə gətirir. İşarə vurur ki, Əli Nadiroviç, mən sizə xidmət edirəm, işçilərə yox ki!..
Müəllifin dərin ağrıyla qoyduğu bu nidalı nöqtələrdən sonra əlavə şərhə, izahata ehtiyac belə qalmır. Əslində X.Qocanın yazdığı hər bir yumorlu hekayə sözsüz şəkillərə bənzəyir. Yəni şərhə ehtiyac yoxdur; baxan kimi "marallar"ın içinin astar tərəfə çevrildiyini əlbəəl görürük. Dəbə uyub özlərini başqa millətlərə oxşatmaq canı-dilliyi edən bizimkilərə bizlərin münasibətini apaydın ifadə edir bu kitabda yazılanlar. Oxuyub, necə ürəkdən gülməyəsən ki, idarə müdiri unudub evdə qoyduğu telefon kitabçasında işlə əlaqədar olduğu tanışlar sırasında kişi adları altında eyzən "gözəlçə"lərinin telefon nömrələrini yazıbmış. Necə təəccüblənməyəsən ki, Əbdüləli müəllim soyadını belə yaza bilmədiyi oğlunun adından məqalələr yaza-yaza onu baş redaktor vəzifəsinə qədər necə yüksəldə bilir? Gülüş gülüşü çəkir. Həmkarlar ittifaqı yerli komitəsində Qara dəniz sahilinə istirahət üçün verilən putyovkanı rəisləri Təmkinli Sakitin adına yazmaqla əslində bir güllə ilə iki dovşan vururlar; düz iyirmi bir gün rəis Qara dəniz sahilində, işçilər də idarədə istirahət etmək imkanı qazanırlar.
"Dava düşdü"də ər-arvad ciddi sosial problemlər ucbatından ailədə növbəti qalmaqalın düşməsinin səbəbini yenə özgə yerdə axtarırlar: "Tamam yadımızdan çıxıb, duz dağılanda gərək üstünə qənd ataydıq…"
"Ələmdarın dayısı"nda cavan oğlanı layiq olmadığı vəzifələrə dayısına görə yüksəldirlər. Ancaq bu yüksəlişin dayının işdən çıxarılmasına görə enişi də özünü çox ləngitmir.
"Niyə tərifləyib"i oxuyub təəccüb etməyə bilmirsən ki, sən demə, xoşuna gəlməyən işçini tərifləyə-tərifləyə yuxarı idarəyə işə göndərməklə də ondan "can qurtarmaq" olarmış.
Ölülərin hesabına pul çıxarmağın qanun-qaydası "Hərə bir cür pul qazanır"da yazıya alınıb. "Ölürəm, ölürəm" deyib, ölüb qurtarmamağın yolunu "Qabiliyyət lazımdır"dan oxuyub bilirik. Alça satanla xalça satanı qarışdıran hakimlərin korafəhimliyi, göyərti yeməklə otlamağın fərqini ayırd edə bilməyənlərin miyanəliyi, "dünya malına görə adamı tutmazlar" düşüncəsiylə hakimlərə tənə edənlərin peşəkar düzəlməzliyi kitabda yumorlu bir dillə qamçılanır. "Bizə düz adam lazım deyil" hekayəsində yeni müdir kadrlar şöbəsinin müdirinə tapşırıq verir ki, bizə təmiz adamlar lazım deyil, onları başdan eləyin getsin. Müdirə yalnız rüşvətxor, gözükölgəli, bir neçə sifəti olan, məddah, simaca eybəcər işçilər lazımdır. Əslində belə işçilər onun daxili simasının, mənliyinin ifadəsidi. Müdir yaxşı bilir ki, belələri deyilənlərə "baş üstə" deməkdən başqa heç nə bilmir, minib çapsan da, etiraz etməzlər. Hörmətə minməyin yolu belə insanlarla işləməkdən keçir.
"İstəyirdim görəsən" hekayəsini oxuyanda görürsən ki, təsvir olunan qəribəliklər cəmiyyətdə çoxdur. Belə ki, hekayədə Həcc ziyarətinə gedən bir kişidən söhbət açılır. O, səfərə çıxmamışdan qabaq pulunu mömin müsəlmanların iştirakılə axunda əmanət verir. Qayıdanda axund pulu danır və ətrafındakıları şahid çağırır. Yalançı şahidlər and içib-aman edirlər ki, bu kişi axunda pul-zad verməyib. Adamlar dağılışandan sonra axund əmanəti sahibinə qaytarır. Kişinin təəccübləndiyini görəndə deyir ki, istəyirdim görəsən biz kimlərlə işləyirik…
Müəllif göstərir ki, lazım gələndə qatığa qara, qaraya ağ deyənlər təəssüf ki, cəmiyyətdə hələ də var. Özü də daha çox dilbir, əlbirdirlər. Belələri yüz cür oyundan çıxırlar. "Yalan-palan" hekayəsində deyildiyi kimi, bu adamlar o qədər hoqqabazlıqlar edirlər ki, adam meymunun insandan əmələ gəlməsi fikrinə düşür. Belələri qova-qova "Mərdi namərd edənlər…"di. Bu hekayədə Qasım ona görə sevinc içindədir ki, Mərdi işdən çıxarırlar. Mərdin günahı təmizlikdən danışması, yaltaqlıq, satqınlıq etməməsidi, savadı, şəxsiyyəti və qüruru var. Bu biabırçılığı eşidən Nəsirin bircə söz deməyə gücü çatır: "Allah mərdi qova-qova namərd edənin evini yıxsın!" Oxucu da iç dünyasında Nəsirlə həmfikirdi: "Amin!"
Kitabda verilən "Əncir yarpağı da olmayacaq", "Özgəyə quyu qazan", "Bizə yaramaz lazımdır", "Onlara yazığım gəlir", "Borclu qala bilmərəm", "Qozbeli qəbir düzəldər" və s. hekayələri də bu ovqatla oxunur. Oxuduqca baxıb görürsən ki, müəllifin ön sözdə önə çəkdiyi əndişə əbəs deyilmiş - bu yazılanlardakı bəzi incəlikləri ürəyinizə salmayın. Ona görə də "gülmək istəsəniz gülün" məsləhəti daha ağlabatandı. Müəllifin məsləhətincə kitabı heç oxumamaq da olar. Çünki kitabda yaltaqlardan, məddahlardan, bədxahlardan, nadanlardan, cahillərdən… bəhs olunduğundan burada yazılanların bizə heç bir dəxli yoxdur…
Kitabda müəllif marağı və istəyi lap üst qatdadır; yazıçının davası tənqid hədəflərinin onu başa düşəcəyi yerə qədərdir: "Soruşuram, ata-babalarınız Mirzə Cəlilə, Sabirə, Əbdürrəhim bəyə o zamanlar çox "qəmiş" qoyublar, indi onları tərifləyirsiniz, niyə? Cavab verirlər "ata-babalarımız bilər, biz bilərik, sən qəmiş qoyma". Sizləri özbaşına buraxmaq olmaz! Qəmiş də qoyacağam, hələ o tərəfə də keçəcəyəm! Sizin də balalarınız gələcəkdə məndən danışarlar - bəsimdir!"
Sərvaz

                              " Ədəbiyyat qəzeti ", 3 dekabr,2010-cu il.



 
Azərbaycanda ikinci "HopHopnamə" yazıldı
Yazıçı satirik Xeyrəddin Qoca "Biz kimə bənzəyirik" sualına klassik cavab tapdı
 
Komediyalar, satirik hekayələr, novellalar və miniatürlər ustası Xeyrəddin Qocanın əsərləri oxuculara yaxşı tanışdır. Onun yaradıcılığı haqqında Azərbaycan və türk yazıçıları, tənqidçiləri, ədəbiyyatşünasları dəyərli fikirlər söyləmişlər.

   Akademik İsa Həbibbəyli ədib haqqında "Həyati proseslərin axarında" ("Xalq qəzeti", 24 yanvar 2010-cu il) adlı məqaləsində yazır: "Xeyrəddin Qoca qüdrətli satirik yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır... O, yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən aparıcı yazıçı-publisistdir...

   Filologiya elmləri doktoru, professor Pənah Xəlilov isə yazır: "...Xeyrəddin Qoca həyatda adi, sadə görünənləri sanki gülməli , keçici bir adilik saymır, bu "adiliklərin" "kiçikliyi" qarşısında bizdən biganəlik deyil, ayıq-sayıqlıq istəyir. Ə.Haqverdiyev də, xüsusən Yusif Vəzir də, məişətimizin "adicə" lövhələrini çəkəndə həmin adilikdə fəlakət görürdü("Azərbaycan" qəzeti, 5 yanvar 1999-cu il, "Xalq qəzeti", 25 mart 2001-ci il). Bu günlərdə yazıçının "İdeal-Print" Nəşriyyatında qırx illik bədii satira yaradıcılığını əhatə edən "Biz bizə bənzərik..." adlı yeni kitabı çapdan çıxıb. Satirik bu kitabını özünün "Hophopnaməsi" adlandırır.

   "Biz bizə bənzərik..." kitabının annotasiyasında yazılır: "Möhtərəm oxucular kitabı oxuyarkən görəcəklər, biz heç kimə bənzəmirik, heç kim də bizə bənzəmir, biz-bizə bənzərik"... Bu fikirlərin hansı məna daşıdığını kitabı oxuyanlar biləcək...

   
Xəbər xidməti

                                           "Bakı-xeber " qəzeti




Xeyrəddin Qoca: “Yaşadığım ömürlə qürur duya bilərəm”

“HEÇ İNANMAĞIM GƏLMİR Kİ, 60 YAŞA ÇATMIŞAM... AMMA HƏR DƏFƏ ÜRƏK AĞRILARIM TUTANDA HİSS EDİRƏM Kİ, ÖMÜR KEÇİR...”

00:50 / 28.01.2010
 
 
 
Tanınmış yazıçı Xeyrəddin Qocanın yanvarın 29-da 60 yaşı tamam olur. Ömrünün 60-cı ilini yola salan yazıçıyla söhbətimizi təqdim etməmişdən əvvəl əslində hamıya tanış olan Xeyrəddin Qocanın həyat və fəaliyyətindən bəzi məqamları oxucuların diqqətinə çatdırmağı lazım bilirik.
 X.Qoca 1950-ci ildə Ağdaş rayonunun Qülbəndə kəndində müəllim ailəsində dünyaya göz açıb. 1967-ci ildə Qəsil kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedoqoji Universitetinə qəbul olunub. Müxtəlif mətbuat orqanlarında müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. 1995-ci ildə millət vəkili seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin martına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində çalışıb. Yazıçı “Filankəslər”, “Hərə öz payını götürsün”, “Marallar”, “Bu dünyadan məktublar...”, “Gərək yazam”, “Hərənin öz payı”, “Pyeslər”, “Bu da belə həyatdır” kitablarının müəllifidir. X.Qoca böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib. “Hərənin öz payı” adlı satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Yazıçının “Qonşulaşma, qohumlaşma, kirvələşmə” pyesi AzTV-nin efirində ekran həyatı tapıb. “Düzü düz, əyrini əyri”, “Bu bizim zamanədir” , “Toy olacaq” pyesləri isə Azərbaycan radiosunda səsləndirilib.
X.Qoca indiyədək mətbuatdakı xidmətlərinə, səmərəli fəaliyyətinə, vətəndaşlıq mövqeyinə, satira və yumor janrında qələmə aldığı əsərlərinə görə “Qızıl qələm”, “Dan ulduzu”, “Araz” Ali Ədəbi Mükafatına layiq görülüb.
Yazıçı haqqında professorlar Pənah Xəlilov, Nizami Cəfərov, xalq yazıçısı Anar, xalq şairləri Qabil, Cabir Novruz, Zəlimxan Yaqub, Türkiyənin yazıçıları və alimləri dəyərli fikirlər söyləyiblər. Bugünlərdə akademik İsa Həbibbəylinin mətbuatda çıxan məqaləsində Xeyrəddin Qoca müstəqillik dövründə Azərbaycan satirik nəsrinin görkəmli yaradıcısı və təmsilçisi kimi xarakterizə edilib: “Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq yazıçının satirik nəsrinin ana xətləridir. Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında Əbdürrəhimbəy Haqverdiyevdən sonra müasir həyatın “marallarının” bədii obrazını yaratmağa müvəffəq olub. Onun “cavabları” Molla Nəsrəddinin marallarının davamçıları, xələfləridir. Bütövlükdə Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanıb”.
Yubilyar yazıçı ilə 60 illiyi ərəfəsində görüşərək, həyat və yaradıcılıqla əlaqədar çeşidli məsələlərə dair onun fikirlərini öyrəndik.
 
 
 – Xeyrəddin müəllim, yəqin siz də hədiyyədən xoşlanmamış olmazsınız. Doğum günlərinizdə sizə nə hədiyyə verilməsini istəyərdiniz?
 
– İnanmıram ki, hədiyyə almağı sevməyən insan olsun. Ola bilər, qəribə səslənsin, amma mən hədiyyə almaqdan daha çox hədiyyə verməyi, həm də qalıcı əşya bağışlamağı xoşlayıram. Çünki ömür qısadır, istəyirəm kimlərdəsə bir nişanə qalsın, baxanda məni xatırlasınlar. Ucuz-baha, fərqi yoxdur, əsas odur ki, uzun müddət qalan bir şey olsun. 
 
– Yaş artdıqca insan ötənləri – keçmişi, uşaqlığını, gəncliyini daha tez-tez xatırlayır, deyirlər. 60 illik ömrünüzdən hansı xatirələr bu gün yaddaşınızda daha tez-tez çözələnir?
 
– Vallah, hərdən heç inanmağım gəlmir ki, 60 yaşa gəlib çatmışam. Öz-özümə təəccüblənirəm, 60 yaş nə tez gəldi? Bu ömrü nə vaxt yaşadım? Amma hər dəfə ürək ağrılarım tutanda, qan təzyiqim qalxanda hiss edirəm ki, ömür keçir... Məişət qayğıları, həyat ehtiyacları, mübarizələr içində bir də gördüm ki, 60 yaşa çatdım. Keçmişdə 60 yaşlı kişilərin beli bükülərdi, əsa ilə gəzərdi... Doğru deyirlər, insan yaşlaşdıqca tez-tez uşaqlığını, keçmişini xatırlayır.
Mən ziyalı ailəsində böyümüşəm. Atam vaxtilə Üzeyir Hacıbəyovla, Səməd Vurğunla və başqa böyük şəxsiyyətlərlə ünsiyyət saxlayıb, münasibətləri olub. O, Azərbaycan ədəbiyyatı və dilini mükəmməl tədris etməklə yanaşı, əməkdar incəsənət xadimi Əhməd Ağdamskidən tar dərsi də alıb, həm də onunla dost olub. İndi mən bu dostluğu onun oğlu, kimya elmləri doktoru Telman Ağdamski ilə davam etdirirəm.
Atam evdə tez-tez Azərbaycanın görkəmli şəxsiyyətləri, elm və mədəniyyət xadimləri, şair və yazıçıları haqqında danışardı. Onun söhbətlərindən çox şey əxz eləmişəm. Üzeyir Hacıbəyovla bağlı maraqlı bir xatirə yaxşı yadımdadır: Atam konservatoriyada böyük bəstəkara tardan imtahan verib. Adətən imtahan zamanı tələbənin musiqi istedadını yoxlamaq üçün kiçik bir parça ifa etməsi kifayət olur. Ancaq Üzeyir Hacıbəyov onun ifasını sona kimi dinləyib və axırda deyib: “Bu Əhmədin barmaqlarıdır”. Halbuki atam Əhməd Ağdamskinin tələbəsi olduğunu əvvəldən bildirməyibmiş...
Mən də tar çala bilirəm, amma peşəkar deyiləm – atamdan yadigardır. Bir neçə dəfə televiziya efirlərində “öz məharətimi” göstərmişəm. Gəncliyimdə aktyor olmaq istəsəm də, teatr institutuna qəbul olunmadım. Elə həmin il Pedaqoji Universitetin tələbəsi oldum.
1968-ci ildə qəzetdə ilk yazım dərc olunub. Beləliklə, jurnalistlik fəaliyyətinə başlamışam. Sonralar müxtəlif qəzet-jurnal redaksiyalarında işlədim. “Dan ulduzu” və “Yeni Azərbaycan” qəzetlərinin ilk saylarından baş redaktor oldum. Jurnalistliklə yanaşı, bədii əsərlər də yazırdım. Deyilənə görə, indi yazıçıyam... Xarakter etibarilə azad insanam. Həmişə daxili azadlığımı hər şeydən üstün tuturam. Bu xüsusiyyət mənə çox bədxahlar qazandırıb. Doğrudur, onlar açıq-aşkar mənə qarşı çıxa bilməyiblər, amma gizlində istədiklərini həyata keçirməyə çalışıblar. Ancaq belələri nə qədər canfəşanlıq etsələr də, məni xalqın, dövlətin və ölkə rəhbərliyinin gözündən salmağı bacarmayıblar. Hamı bilir ki, bir vaxtlar Azərbaycanın və Rusiyanın kommunist mətbuatı Heydər Əliyevin əleyhinə böhtanlar, iftiralar yağdıranda mən onun müdafiəsinə qalxmışam. Heydər Əliyevi həqiqətən sevmişəm, şəxsiyyətinə böyük hörmət bəsləmişəm. İnsanlar bəzən yaltaqlıqla hörməti qarışdırırlar. 1989-cu ilin sonlarından başlayaraq bu Böyük İnsan haqqında həqiqətləri yazdığım üçün dörd dəfə işdən uzaqlaşdırılmışam. Amma heç vaxt ideallarımdan və əqidəmdən dönməmişəm. Heydər Əliyev də mənim bu xüsusiyyətimi həmişə yüksək qiymətləndirirdi. Sonralar bu diqqət və qayğını Azərbaycan prezidenti cənab İlham Əliyevdən gördüm. Heydər Əliyevin rəhbərliyi dövründə millət vəkili seçilmişəm, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu olmuşam. Əgər Heydər Əliyevin köməyi olmasaydı, Londonda ürəyimdən əməliyyat oluna bilməzdim. Bəlkə də indi həyatda yox idim. Cənab İlham Əliyev isə mənə mənzil verdi, prezidentin fərdi təqaüdünə layiq gördü...
 
– Yüz illərdir ki, bu millətin öndə gedənləri yazır, amma “dünya düzəlmir ki, düzəlmir...”
 
– Yarızarafat-yarıciddi yazmışam ki, Cəlil Məmmədquluzadədən bəri bizim ancaq kostyumumuz dəyişib. Nöqsanlar, çatışmazlıqlar, eybəcərliklər həmin dövrdəki kimi qalıb. Bəlkə bir az da artıb. Bir dəfə bu haqda akademik Bəkir Nəbiyevin fikrini bilmək istədim, cavab verdi ki, eyiblərimiz daha da təkmilləşib. Bu millətin dərdlərini yazmağa yüz Mirzə Cəlil bəs eləməz... Lakin yazıçı sadəcə əlini-qolunu sallayıb oturmamalı, naqisliklərə göz yummamalıdır. Cəmiyyətdəki nöqsanları, çatışmazlıqları yazmaq yazıçının işidir. Söhbət bütün cəmiyyətlərdə mövcud olan insani eybəcərliklərdən, nöqsanlardan, çatışmazlıqlardan gedir. Mən hekayələrimdə heç kimin adını çəkmirəm, cəmiyyətdəki ümumi bəlalardan yazıram. Ad çəkməsəm də, bəziləri yazılarımda özlərini görürlər və nəticədə bədxahlar çoxalır. Bütün bunlara rəğmən həmişə millətin gələcəyinə nikbin baxıram. Millət alidir, hər şeydən yüksəkdə dayanır. Xalqın içərisində çox ləyaqətli insanlar görürəm, yüksək səviyyəli siyasətçilər, dövlət adamları var, bütövlükdə millətin içərisində işıq var. Bizə o işıq lazımdır.
 
– Deməli, bu qədər problem sizi nikbin olmaqdan çəkindirə bilmir. Bu optimizmi necə qoruyub saxlayırsınız?
 
– Başqalarına nikbin təsir bağışlasam da, əslində hər dərdi ürəyimdə çəkirəm. İnsanları çox sevirəm. Mənim tənqidim də insanlara olan hədsiz sevgimdən irəli gəlir. İstəyirəm ki, cəmiyyətimizdə nöqsansız, eyibsiz insanlar çox olsun. Onu da deyim ki, kövrək, hissiyatlı adamam. Məsələn, “Segah” muğamını dinləyərkən hönkür-hönkür ağlaya bilərəm. Heç vaxt satiralarımı gülüş naminə yazmıram. Ona görə yazıram ki, yazmaya bilmirəm. Qeyd edim ki, Azərbaycanda çox şeyləri bayağılaşdırıb şouya, lağlağıya çeviriblər. Hətta Cəlil Məmmədquluzadənin əsərlərini də gülünc vəziyyətdə ifa etməyə can atırlar. Bizim ən çatışmayan cəhətlərimizdən biri böyük şəxsiyyətlərimizə dəyər verə bilməməyimizdir. Baxın, dahi Cəlil Məmmədquluzadəni cəmi yeddi nəfər torpağa tapşırıb! Haqqında yazılan nekroloqda da tənqidi fikirlər yer alıb. Biz Müşfiqin güllələnməsinə, Cavidin sürgünə göndərilməsinə, Salman Mümtazın tamamilə yandırılmasına imkan vermişik. Hadinin başına nələr gətirilib? Ürəyimdə hələ yazılmamış, deyilməmiş çox sözüm var. Altmış illik ömrümdə onların heç mində birini deməmişəm, yazmamışam.
 
– Qələminizi özünüzə tərəf çevirməyi bacarırsınızmı? Özünüzə də tənqidi yanaşırsınızmı?
 
– Bəzən özümə qarşı çox qəddar oluram. Düşünürəm, boş vaxtım çox keçib, təəssüf edirəm ki, həmin vaxtdan lazımınca istifadə edə bilməmişəm.
Lakin düşünürəm ki, özümdən razı qalmaq üçün də səbəblər var; Mənə görə ailə hər şeydən üstündür. Bütün həyatımı ailəmə həsr etmişəm – üç övlad böyütmüşük, onlara ali təhsil vermişik, ev-eşik eləmişik. Deyirlər, mənim kimiləri cənnətə gedir... Sadə insanam, şəxsiyyətimi hər şeydən üstün tuturam. Hiss edirəm ki, insanlar da mənə hörmətlə yanaşırlar. Həqiqəti sevən insanlar məni qiymətləndirirlər. Ömrüm boyu şərəfimi qorumuşam. Xalq şairi Fikrət Qocayla söhbətlərimiz zamanı bildirdim ki, indiki zəmanədə şərəfi qorumaq çox çətindir. Fikrət müəllim də cavab verdi ki, elə ən çətini odur. Bunu eləyə bilmişəmsə, deməli, yaşadığım ömürlə qürur duya bilərəm.
 
Sevinc MÜRVƏTQIZI 





Xeyrəddin Qocanın 60 illik yubileyi qeyd edilib

29 yanvar tarixində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda yazıçı-publisist Xeyrəddin Qocanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. "SİA"nın məlumatına görə, tədbirdə AYB- sədri, xalq yazıçısı Anar, AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev, xalq şair Fikrət Qoca, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, yubilyarın özü və digərləri iştirak edib.
   
   Mərasimi açıq elan edən AYB- katibi Ç.Abdullayev yubilyarın həyat və yaradıcılığından danışıb və gələcəkdə yeni yaradıcılıq uğurları diləyib. Tədbirdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar X.Qocanı yubiley münasibətilə təbrik edib və ona AYB adından hədiyyələr təqdimləyib. "Bəzi həqiqətləri danmaq çətindir, onun o qədər yaradıcılıq eneryisi var ki, heç 60 yaş vermək olmaz. O öz yazılarında yaramaz insanları kəskin şəkildə tənqid atəşinə tutur" deyən sədr X.Qocaya hər zaman belə cavan qalmağı arzu edib. Xalq şairi Fikrət Qoca yubilyarın müsbət keyfiyyətlərindən söhbət açıb. YAP icra katibinin müavini, millət vəkili M.Qurbanlı da tədbirdə çıxış edərək X.Qocanı təbrik edib və gələcəkdə gözəl əsərlər yazmağı arzulayıb.
 






Səviyyəli kim, səviyyəsiz kim?

Xeyrəddin QOCA
02:25 / 06.03.2010
 
 
“Səviyyəsiz adamlarla niyə verilişlərə çıxırsan?” sualına cavab
 
 
 
 
Məni hərdən televiziya kanallarına müxtəlif verilişlərə dəvət edirlər. Dəvəti qəbul etməmək nəzakətsizlikdir, – deyə düşünür, etiraz etmirəm. Türkiyədə işləyərkən də televiziya verilişlərinə dəvət olunurdum və məmnuniyyətlə gedirdim. Axı, dəvət ekrana çıxacaq potensial səviyyəsizlərdən yox, hər hansı bir televiziya kanalından gəlir. Həmin kanal mənim kimi başqalarını da verilişə dəvət etməyi əvvəlcədən planlaşdırır. Onlardan soruşmalı deyiləm ki, siz kimləri dəvət etmisiniz? Və yaxud dəvət etdiyiniz filankəsin səviyyəsi nə qədərdir?
Mən kanallardakı çıxışlarıma görə özümə cavabdehəm, danışdıqlarım üçün məsuliyyət daşıyıram. Kimsə kiminsə səviyyəsini ölçmək üçün cihaz yoxdur. “Filankəs səviyyəsizdir” deyən adamların özündən soruşmaq gərəkdir: “Bəs, sənin necə səviyyən var?”.
Mən nə etməliyəm? Televiziya kanallarına göstəriş verməliyəm, yaxud deməliyəm ki, iştirak etdiyim verilişlərə səviyyəli adamlar dəvət etsinlər? Kimdir axı, o səviyyəli adamlar? Siyasətçilər, vəzifəlilər, partiya üzvləri? Onların içərisində nə qədər “səviyyəsizlər” var! Siyasətçilərə ekran verən kimi, biri deyir, “Jak Şirak qudurub”, o biri Amerikanı borclu çıxarır, bir başqası Türkiyəyə göstəriş verir, sonrakılar “filan ölkədə özbaşınalıqdır”, “filan ölkədə heç bir inkişaf yoxdur”, “filan ölkədə aclıqdır, getsinlər, öz dərdlərini çəksinlər” deyir, ya da bir-birlərini rüsvay edirlər.
Bəlkə, müğənnilər, musiqiçilər aktyorlar, aparıcılar, stilistlər arasında səviyyəsizlər yoxdur? Kimlər qaldı? Jurnalistlər, redaktorlar, ssenaristlər, rejissorlar... Onların hamısı səviyyəlidir? Bəzi televiziya rəhbərlərinin səviyyəsi var? Əgər varsa, televiziya kanalları niyə bu gündədir?
İnsanların müxtəlif şəxsi keyfiyyətləri olur. Bəzisi tərbiyəsizdir, bəzisi əyyaşdır (ifadələri işlətməyə məcburam), bəzisi yaltaqdır, bəzisi məddahdır, bəzisinin “ayağı sürüşkən”dir, bəzisi satqındır. İndi televiziya əməkdaşları və dəvət olunan şəxs kimi necə müəyyənləşdirək ki, birlikdə ekranda olduğumuz adamlarda belə xüsusiyyətlər yoxdur? Hər adamın bir xasiyyəti, bir həyat tərzi var, axı! Bu insanlara “Uzi” aparatı ilə baxmalıyıq ki, kim kimdir? Ümumiyyətlə, biz səviyyəsiz adamlarla bir cəmiyyətdə yaşamırıq?
Mən yaltaq vəzifə sahibi ilə ekrana çıxmaqdansa, hər hansı qadın müğənni ilə (hansı yolun yolçusu olmasına baxmayaraq), televiziyada görünməyi daha üstün tuturam. Başına quzu dərisindən papaq qoyan, ailəsini tanımayan, ekrandan xalqa öyüd-nəsihət verən əliəyrinin, rüşvətxorun biri ilə ekranda görünməkdənsə, ağzının danışığını bilməyən çobanla ekrana çıxmağa daha çox üstünlük verirəm. Səliqəli, sahmanlı geyinən, lakin ekrandan xalqa saxta sözlər deyən “ziyalı”dansa, bir küçə süpürgəçisi ilə ekrana çıxmaq yaxşı deyilmi?
İnsanların çoxu, adi ərizə, bir sıra vəzifəlilər isə adi arayış belə yaza bilmirlər. Amma mən ərizə də yazıram, kitablar da, pyeslər də. Hələ üstəlik çoxlarının “səviyyəli” hesab etdikləri adamlardan da gözəl danışıram, doğru danışıram, səmimi danışıram. Danışıqlarım, çıxışlarım isə tamaşaçılar tərəfindən təqdir olunur. Yoxsa, məni televiziya kanallarına dəvət etməzdilər ki!
Xalq ekrandan, mətbuatdan doğru söz eşitmək istəyir. Bəzi “səviyyəlilər” isə heç zaman doğru sözü deyə, yaza bilmirlər. Həmin “səviyyə”lilərin xalqa dedikləri də, yazdıqları da saxta olur. Belə saxtakarlarla ekranda görünməkdənsə, bir ayı, yaxud meymunla ekrana çıxmaq daha düzgün olar.
Çünki, heyvanlar insan sevgisinin nə olduğunu gözəl duyurlar... Bir məşhur ifadədə deyildiyi kimi, insanları tanıdıqca heyvanlara hörmətim artdı.
Çox da böyük vəzifəsi olmayanın biri televiziyada deyirdi ki, “xalqımız firəvan yaşayır”. Firəvan yaşamaq ona deyərlər ki, hamının pulu, maşını, ölkəmizdə və xaricdə evi, villası olsun. Hələ gəmilərdən, təyyarələrdən danışmıram. Belə danışığa Xeyrəddin Qoca dözər? Mən də başqa bir televiziyada canlı yayımda onun dediklərini tamaşaçılara çatdırdım və dedim: “Belə fikirləri eşidən tamaşaçı bilirsiniz, nə düşünür: “Yalançının...üç nöqtə!” Tamaşaçılar zəng edib, mənimlə həmfikir olduğunu bildirdi.
Gərək həmin vəzifəli şəxs təxminən belə danışaydı: “Biz çalışırıq ki, insanlar yaxşı yaşasınlar. Maaşların, pensiyaların vaxtaşırı artırılması bunun bariz sübutudur”. İnsanlar bu sözləri qəbul edərdilər. “Firəvan” sözü ilə “yaxşı” sözü arasında böyük fərq var, axı!
Mənim kimi adamlar televiziyalara belə məsələləri aydınlaşdırmaq üçün lazımdır. Bir də axı, ziyalı hesab olunanlar həmişə xalqın qarşısında olmalı, xalqa söz deməlidirlər. Televiziya isə söz demək imkanı verir. Hansı televiziya ki, söz demək imkanı vermir, biz orada çıxış etmirik. Heç istəmirik də!
Buna necə biganə qalmaq olar ki, televiziya kanallarının birində din xadimi olan “səviyyəli” qadın deyirdi: “Əgər qadın xəstədirsə, gərək öz ərinə başqa qadınla yaşamağa icazə versin, hətta ərinə başqa qadın tapıb, onu evləndirsin”. Bəs, Xeyrəddin Qoca zəng vurub nə söylədi: “Hörmətli xanım, sizin sözünüzdən belə çıxır ki, kişi də xəstə olsa, arvadına başqa kişi tapmalıdır, eləmi? Ərinə başqa qadın tapan qadın da hansı qürurdan, şərəfdən danışmaq olar?” Mənim kimi insanlar vaxtında elələrinin cavabını vermədikcə, insanlar onlara inanır, nəhayətdə cəmiyyət pozulur!
Hansı qadın ərinə başqa qadın tapmağa can atar, axı?! Belə qadına qadın demək mümkündürmü? Aradan nə qədər vaxt keçməsinə baxmayaraq, hələ də həmin qadına qarşı qəzəbim soyumayıb!
Elmlər namizədi olan, universitetlərin birində müəllim işləyən başqa bir qadın isə, “Dəli Kür” filmində Cahandar ağanı başqasının arvadını qaçırdığı üçün kişi adlandırırdı. Mən isə deyirdim: Başqasının arvadını qaçırmaq kişilik deyil! Elə ona görə də Cahandarın bacısı pozğunların məclisinə getdi. Oğlu atasını, yəni Cahandarı saymadan xəlvət təhsil almaq üçün evdən qaçdı. Cahandarın atının quyruğunu kəsdilər, yəni namusuna toxundular. Axırda da Cahandarı güllə ilə öldürdülər. Ümumiyyətlə, bizimkilər Səddam Hüseynə də “kişi” deyirdilər. Deyirdilər, Amerikaya meydan oxuyursa, deməli, kişidir. Onda mən belə sözlərin əleyhinə çıxırdım, deyirdim ki, millətinə zülm edəndən kişi olmaz! Nə oldu Səddamın axırı?
Tez-tez “mən kişiyəm” deyənlərə isə ekranlarda, qəzetlərdə belə cavab verirəm: “Mən kişiyəm” deyənlərin ya özündə, ya da ailəsində nə isə bir naqislik var. Çünki, bəşəriyyət cəmi iki cinsdən ibarətdir: kişi, qadın. Görürük də, kişisən. Bununla nə demək istəyirsən? Onda qadınlar da hər yerdə desinlər ki, “mən qadınam”!..
Qız, qadın da televiziyaya zəng vurub ailə sirlərini açar? Hansısa oğlana ya kişiyə məhəbbətini izhar edər? Biri zəng vurub deyir ki, “mən filankəsi sevirəm, atam-anam vermir”. Bu qızdan soruşan gərək, əvvəla, sən ata-anandan televiziyaya niyə şikayət edirsən? İkincisi, sevgi pünhan olmalıdır. Qız həyası deyilən bir şey də var, axı!
Başqa bir qadın zəng vurub, ərindən şikayətlənir. Deyir, “bir-birimizi sevməyib evlənmişik, indi üç uşağımız var”. Ay xanım, televiziya nə etsin, sənin dərdinə necə çarə tapılsın?
O biri zəng vurub, əri, dörd uşağı ola-ola, dörd kişi ilə yaşadığını deyir.
Ekranda, qaçan sətirlərdə SMS-lər verilir. Qız oğlana yazır ki, “tez gəl, yoxsa ürəyim partlayacaq!” Səni çox sevirəm, filan yerdə gözləyəcəm. Gəlməsən, daha gəlmə”!
Belə hərəkətlərə kim cavab verməlidir? Məhz bu cavabları vermək üçün bizlər ekranlara çıxırıq və çıxmalıyıq. Bəzən bizimlə eyni verilişdə iştirak edən səviyyəsizlərə də irad tuturuq.
Xalq qarşısına çıxmaq, söz demək olduqca böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk etmək, bu ağırlığı çəkmək çətindən də çətindir. Ətrafımızda çoxlu səviyyəsizlərin olmasına baxmayaraq, yazıçı kimi bizim də üzərimizə bəzi missiyalar düşür. Həmin missiyaları yerinə yetirmək əvəzinə, biz “səviyyəsizləri müəyyən edən” aparatla (belə aparat varmı?) gəzə bilmərik. Başqalarını səviyyəsiz hesab edənlər hərdən öz səviyyələrinə də fikir versələr pis olmaz...
 
 Xeyrəddin QOCA





Fədakar qələm sahibi
Yazıçı Xeyrəddin Qoca Azərbaycan publisistikasına töhfələr verən, Mirzə Cəlilin irsini XX əsrin sonlarına uyğunlaşdıran, Ə.Haqverdiyevin “maral”larını 80 il sonra yenidən qamçılayan, Bakı ilə İstanbul arasında diplomatik əlaqələrin möhkəmlənməsində rolu olan, Milli Məclisdə təkcə söz deməyən, həm də söz yazan, ən nəhayət, sadə Azərbaycan vətəndaşıdır. Təbiəti etibarilə orijinal, maraqlı bir insan olan Xeyrəddin Qoca oxucu ilə ütülü, ibarəli danışmır. Siyasət adamı, vətənpərvər publisist, kəskin və dolğun yazıların müəllifi, gülüşü göz yaşı ilə müşayiət olunan satirikdir.
Xeyrəddin Qoca sözsüz ki, Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiqləmiş şəxslərdəndir. Düz 40 il əvvəl yaradıcılığına jurnalist məqalələri ilə başlayan yazıçı tədricən öz ampulasını genişləndirərək artıq, ədəbi simaya çevrilib. O,  bir sıra kitabların, pyeslərin, mətbuatda minlərlə məqalələrin müəllifidir.
Ədib əsərlərində mühüm ictimai məsələlərə toxunur, oxucusunu uydurmalar, illüziyalar aləmindən ayırıb, real həyata gətirir, nöqsanları vətəndaş mövqeyindən tənqid edir.
Tanınmış qələm sahibinin yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə də süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, cəmiyyətdir, jurnalistlər, yazıçılar aləmidir.
“Filankəslər”, “Marallar”, “Hərə öz payını götürsün”, “Gərək yazam...”, “Bu da belə həyatdır...”, “Bu dünyadan məktublar”, “Pyeslər...” kitablarındakı əsərlər oxucunu təkcə güldürmür, həm də düşündürür. Ədib xalqın həyatını yaxşı bildiyinə görə əsərlərində xalq ruhunun güclü təsiri duyulur.
Günümüzün acı həqiqətlərini satirik qələmlə oxuculara çatdıran yazıçı öz “marallar”ının hər cür sifətini bacarıqla açır. Tiplərini söz qılıncı ilə yaralayan ədibin uğuru bir də ondadır ki, o mövzulara çox konkret yanaşır və onları öz oxucularına sadə, oxunaqlı ifadələrlə, yığcam və inandırıcı şəkildə çatdırır.
Yazıçı yaradıcılığında siyasətlə ədəbiyyatı birləşdirməyə də nail olur. Gündən-günə sayı göbələk kimi artan partiyalarda gedən proseslər, “siyasətçilər”in əməlləri, hərəkətləri və s. onun acı gülüşünə çevrilir.
X.Qoca güclü müşahidə qabiliyyətinə malikdir. Nöqsanları, çatışmazlıqları hamı görür. Ancaq o, tək müşahidə ilə kifayətlənmir, onların səbəblərini açaraq, canlı obrazlar yaratmağa müvəffəq olur, ən ümdəsi nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır.
Dramaturq həm də  maraqlı komediyalar müəllifidir. Onun jurnalistlikdən yumora, sonra satiraya, daha sonra dramaturgiyaya gəlməsində bir qanunauyğunluq var. Pyeslərində hadisələrə dərin bir baxış olmaqla yanaşı, ictimai ziddiyyətlərə ciddi münasibət aydın görünür.
“Hərənin öz payı...” komediyası X.Qocanın ilk səhnə əsəridir və uzun zaman  Akademik Milli Dram Teatrının repertuarında yer alıb. Mətbuat “Hərənin öz payı...” pyesinin səhnə təcəssümünü çox yüksək qiymətləndirib.
Ədibin “Qonşulaşma, qohumlaşma, kirvələşmə” komediyası Azərbaycan Milli Televiziyasında ekran həyatı tapıb. “Bu bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” adlı pyesləri Milli Radionun efirində yayınlanıb.
Bu günlərdə akademik İsa Həbibbəylinin mətbuatda dərc olunmuş “Həyati proseslərin axarında” məqaləsində müəllif qeyd edir ki, hazırda Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publislistika sahəsində mövcud boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir. Məhz onun yorulmaz satirik kimi ardıcıl yaradıcı fəaliyyəti ilə ədəbiyyatımızda həmin boşluq hiss olunmur.
Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatür satirik nəsrin əsas yaradıcısı kimi tanınır. Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın “marallar”ının bədii obrazını yaratmağa müvəffəq olmuşdur. Onun “marallar”ı Molla Nəsrəddin “marallar”ının davamçıları, xələfləridir... Bütövlükdə ədibin çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanıb...




Əsil insan ömrü
 
Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiqləyənlərdən biri də yazıçı Xeyrəddin Qocadır. O, yaradıcılığına jurnalistikadan başlamış, illər uzunu tədricən öz ampluasını genişləndirmiş, seçilən ədəbi simaya çevrilmişdir. Vətənpərvər publisist, kəskin və dolğun yazıların müəllifi, gülüşü göz yaşı ilə müşayiət olunan satirikdir. Yaltaqları, məddahları, nadanları, fırıldaqçıları, avamları, ümumiyyətlə, cəmiyyətdəki rəzalətlərə səbəb olanları qələmi ilə ifşa edir. Onun tənqidi mövqeyi, çatışmazlıqların səbəbkarlarını satirik tərzdə canlandıraraq ifşa etməsi hər zaman fəaliyyətinin əsas leytmotivi kimi özünü büruzə vermişdir. Xeyrəddin Qoca Azərbaycan publisistikasına töhfələr vermiş, öz satiraları ilə zəmanəsinin eybəcərliklərini qamçılamış Mirzə Cəlilin irsini XX əsrin sonlarına uyğunlaşdırmış, Ə.Haqverdiyevin yaradıcılığından bəhrələnmişdir.
 
Yazıçı-satirik "Filankəslər", "Hərə öz payını götürsün", "Marallar", "Gərək yazam...", Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar" kitablarının, Akademik Milli Dram Teatrında tamaşaya qoyulan "Hərənin öz payı..." satirik komediyasının və ''Qonşulaşma, qohumlaşma, kirvələşmə'' televiziya tamaşasının müəllifidir. Bu günlərdə dramaturqun "Pyeslər" kitabı çap olunmuşdur. Yazıçının həyat və yaradıcılığına həsr olunmuş ''Xeyrəddin Qoca'' (foto-kitab) və ''Ömür belə keçir'' kitabları nəşr edilmişdir.
Xeyrəddin Qoca 1950-ci il yanvarın 29-da Ağdaş rayonunun Qülbəndə kəndində dünyaya göz açmış, Pedaqoji Universiteti bitirmiş, Jurnalist Sənətkarlığı kursunda təhsil almışdır. Ordu sıralarında xidmətini başa vurduqdan sonra müxtəlif qəzet-jurnal redaksiyalarında işləmiş, respublika və xarici mətbuat səhifələrində jurnalistikanın bütün janrlarında mindən artıq yazısı dərc olunmuşdur. 12 il Moskvada buraxılan "Trud" qəzetinin Azərbaycanda ictimai müxbiri olmuş, fəal işinə görə redaksiyanın fəxri fərmanına layiq görülmüşdür. Sonrakı illərdə X.Qoca Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, "Dan Ulduzu", "Açıq söz" kimi mətbu orqanlarda çalışmışdır.
1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biri olan Xeyrəddin Qoca Yeni Azərbaycan Partiyasının qurulmasında fəal iştirak etmiş, partiya sədrinin tövsiyəsi ilə "Yeni Azərbaycan" qəzetini yaratmış və qəzetin baş redaktoru təyin edilmişdir. Partiya yaranandan YAP Siyasi Şurasının üzvüdür. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan X.Qoca Respublika Mətbuat Fondunun "Dan ulduzu" və Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatlarını almışdır. O, I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifsində işləmişdir. Ona birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir.
X.Qocanın ilk yazısı məhz satirik hekayə idi və həmin hekayə "Molla Nəsrəddin" ənənələrini sovet realizmi üslubunda yaşadan böyük satira jurnalında - "Kirpi"də çap edilmişdi. 18 yaşlı gəncin "Hədiyyə" adlı bu hekayəsi jurnalın baş redaktoru Seyfəddin Dağlının xoşuna gəlmişdi. Gənclik illərində imzasının dövrün ən məşhur 
nəşrlərində görünməsi X.Qocanın yaradıcı müvəffəqiyyətinin davamlı axarına səbəb oldu. Sonralar Süleyman Rüstəmin rəhbərlik etdiyi "Kirpilər Məclisi"nin fəal üzvü olan X.Qocanın hekayələri ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən "Ədəbiyyat və İncəsənət" qəzetində Sirus Təbrizlinin hazırladığı "Həftə gülüşü" səhifəsində ardıcıl dərc olunurdu.
X.Qocanın satirası mahiyyətcə tərbiyəedicidir. Onun ilk satiralarının hədəfləri dələduzlar, möhtəkirlər və digər kiçik obrazlar idisə, sonrakı dövrlərdə bu, daha geniş miqyas almağa başlayır. X.Qocanın qələmi artıq böyük "marallar''a - respublika miqyaslı dələduzlara, ölkə "əhəmiyyətli" rüşvətxorlara, ali mənsəbli çinovniklərə, haqsızlıqlara və ədalətsizliklərə rəvac verən rəhbərlərə ''işləyir''.
Yazıçı yalnız tənqid etmir, çıxış yolunu da axtarır, haqqın ünvanını göstərir. Onun publisistikasında 1988-93-cü illər mərhələsi - siyasi-publisist fəaliyyəti xüsusilə nəzərə çarpır. O zaman yazıçı şübhəsiz ki, cəsarətinə görə "mükafatlandırılırdı". "Dan ulduzu" qəzetinin baş redaktoru X.Qoca təsisçi kollegiya tərəfindən heç bir səbəb göstərilmədən vəzifəsindən azad edilmişdi. "Mədəniyyət" qəzetindən də uzaqlaşdırıldı. "Sərhəd" qəzetində isə cəmi 11 gün işlədi...
Ulu öndər Heydər Əliyevlə növbəti görüşü onun növbəti iş yeri ilə vidalaşmasına səbəb oldu. Heydər Əliyev haqqında böhtan və iftiralarla dolu yazıya cavabına görə "Mozalan" qəzetinin baş redaktorunun muavini vəzifəsindən uzaqlaşdırıldı.
 1993-cü ildə X.Qoca yaradıcılığında yeni mərhələ açıldı. Nəhayət, yazıçı həmin ilin iyununda uğrunda fədakarcasına mübarizə apardığı idealların zəfərini gördü. Zorun haqdan irəli keçə biləcəyinə, amma onu əvəz etmək iqtidarında olmadığına şahid oldu.
1993-cü ilin sonlarından etibarən Xeyrəddin Qocanın yaradıcılığında ictimai məzmunlu satira daha da gücləndi. Qeyd etmək lazımdır ki, bu dövrdə onun tənqid hədəfi cəmiyyətdəki möhtəkirlər, dələduzlarla yanaşı, həm də siyasət qiyafəsinə girmiş buqələmunlar, rüşvətxorlar, məmurlar idi.
Amma yazıçı bunu da yetərli saymır. Azərbaycanın müasir satirasına, həmçinin öz yaradıcılığına ədəbi tənqid nöqteyi-nəzərindən yanaşaraq çatışmazlıqları göstərir və əsrin əvvəllərindəki ustad sənətkarların irsini doğrultmağın zərurətini söyləyir. "Onların yazıb qoyduqları indi də aktualdır. Yəni cəmiyyətimizdəki çatışmazlıqlar olduğu kimi qalır. Amma bizim Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev kimi qüdrətimiz, istedadımız və qələmimizin gücü çatmır ki, onlar kimi yaza bilək, nöqsanları, çatışmazlıqları cəmiyyətə faş edək. Doğrudur, cəmiyyətdəki eybəcərlikləri tamamilə aradan qaldırmaq mümkün deyil, lakin ola bilməz ki, satira və yumorun kiməsə az da olsa təsiri olmasın".
Xeyrəddin Qoca ömrünün bir hissəsi də milli mətbuatımızın daha yeni və sivil meyarlar əsasında inkişafına təkan verən jurnalistika ilə bağlıdır. Publisistikada öz sözünü yetərincə demiş yazıçı bu sahədə də "dinc" dayanmamışdır. Kəsərliliyi, sözü demək qabiliyyəti ilə yaradıcı mühiti heyrətləndirən qələm öz işində idi, güclü müşahidə qabiliyyətinə malik olan publisist qəzetçilikdən də yan ötməyən çatışmazlıqları yazıb üzə çıxarırdı.
Xeyrəddin Qocanın orijinal üslubu onun ədəbi populyarlığının, xalq arasında sevilməsinin əsas zəminidir. Onun yaradıcılığının ərsəyə gəlməsində istedadı və 
cəsarəti ilə yanaşı, bir qədər əvvəl qeyd etdiyimiz kimi, güclü müşahidə qabiliyyəti də mühüm rol oynayır.
Cəmiyyətdəki eybəcərlikləri, nöqsanları hamı görür. Amma X.Qoca tək müşahidə ilə kifayətlənməyərək onların səbəblərini axtarır, bu xüsusiyyətlərin kimlərin timsalında təcəssüm etdiyini yazır və ən əsası da oxucuya nəticə çıxarmağı tövsiyə edir. Yazçının qələmi və gülüşü cəmiyyətdəki təzadların məna və mahiyyətini dərk etməyə xidmət göstərir. O, müşahidə və təfəkkür mühakimələrinin nəticələrini satiralarında xırdalıqlarına qədər əks etdirməyi bacarır, oxucuları düşünməyə vadar edir. Yazıçı yaxşı bilir ki, həqiqi satira ictimai fikrə dərin təsir və əsaslı nüfuz edir, oxucuların şüurunun inkişafına kömək göstərir. X.Qocanın əsərlərinin sujeti çox vaxt tikanlı gülüş üzərində qurulduğundan, böyük marağa səbəb olur.
İndi Molla Nəsrəddin həyatda olmasa da, mollanəsrəddinçilik davam etməkdədir. Bu missiyanı daşımağın şərəfi müasir dövrümüzdə Xeyrəddin Qocanın da çiyinlərinə düşüb. Məhz cəmiyyətdəki nöqsan və bəlaları özünəməxsusluqla açıb göstərdiyindəndir ki, yazıçının satiraları dərin həyati məzmun kəsb edir. Bu satiralar çoxyönlü, obyektiv, qərəzsiz və səmimi olmaqla yanaşı, aramsız və amansızdır. Həyat həqiqətlərinə, faktlara münasibətdə kinayə, istehza və eyhamdan istifadə edən nasir çox vaxt əks mənalı ifadələrlə oxucunu tərsinə düşünməyə vadar edir. Ona görə də X.Qocanın satirik gülüşü məzmunludur, oxunaqlıdır, lakonikdir, hər dövr üçün aktualdır, ən nəhayət, mollanəsrəddinçilik irsinin çoxşaxəli davamıdır.
 
Həyatının kamillik zirvəsinə çatmış yazıçı Xeyrəddin Qoca ömrünün 55-ci ilini başa vurur. Geridə qalan tək bu rəqəm deyil, həm də zaman kəsiyi kimi çox kiçik görünən 55 ildə yaşanan mənalı, kəşməkəşli, əzablı və əsil insan ömrüdür ki, bu da fərd üçün yaşadığı illər ərzində nəyə qadir olduğunu sübut edə bilməkdə və cəmiyyətdə yüksək imic qazanmaqda yetərlidir. Hər halda Xeyrəddin Qoca bunu bacarmışdır...
 
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"




Yazıçı-dramaturqun yeni kitabı
 
Bu günlərdə yazıçı-dramaturq Xeyrəddin Qocanın "Pyeslər" kitabı çapdan çıxmışdır. Kitaba müəllifin üç pyesi - "Hərənin öz payı...", "Qonşulaşma, qohumlaşma, kirvələşmə" və "Bu bizim zəmanədir" adlı səhnə əsərləri salınmışdır.
 
Ötən yüzilliyin üç korifeyi - Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin və Əbdürrəhim bəy Haqverdiyevin obrazlarının canlandırıldığı, onların fonunda dövrümüzün çatışmazlıqlarından, nöqsanlarından, eybəcərliklərindən bəhs edən "Hərənin öz payı..." pyesi 2002-ci ildə Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur.
Vəzifəyə qalxmaq üçün dəridən-qabıqdan çıxanların ifşasına yönəlmiş, "Qonşulaşma, qohumlaşma, kirvələşmə" adlı satirik komediyanın Azərbaycan Dövlət 
Televiziyasında ekran həyatı tapması və nümayiş etdirilməsi tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Xeyrəddin Qoca "Bu bizim zəmanədir" adlı satirik komediyasını yenicə bitirmişdir. Müəllif əsəri tamaşaya qoyulmaq üçün teatrlarımızın birinə təqdim etmək fikrindədir. 
"Azərbaycan"





"Bu da belə həyatdır..."
 
...Özümdən asılı olmayan səbəblərdən əlimə qələm almışam, ədəbiyyata publisist yazılarımla gəlmişəm. O zaman açıq-aydın hiss etmişəm, daha doğrusu, mənə "hiss etdiriblər" ki, mətbuatda hər şeyi olduğu kimi yazmaq mümkün deyil...
Qəlb çırpıntılarımı, ürək ağrılarımı satiralarıma hopdurmuşam ki, hərə öz payını götürsün. Görmüşəm ki, yenə istədiklərimi deyə bilmirəm, pyeslər yazmışam. Həmin pyeslər Milli Dram Teatrında, Azərbaycan televiziyasında tamaşaya qoyulmuş və radioda səsləndirilmişdir. Beləliklə, mətbuatda deyə bilmədiklərimi səhnədə, ekranda, efirdə demişəm.
Publisistik yazılarıma heç vaxt ara verməmişəm. Cəmiyyətdəki çatışmazlıqlara, nöqsanlara, eybəcərliklərə bu janrda da həmişə münasibətimi bildirmişəm..."
Bu sətirlər yazıçı Xeyrəddin Qocanın yenicə çapdan çıxmış "Bu da belə həyatdır..." kitabının - "Müəllifdən" yazısından götürülmüşdür.
Xeyrəddin Qoca fikirlərini davam etdirərək yazır ki, "...Onlar (oxucular) mənim qəlbimdən gələn və yazılarımda əks olunan işığı mütləq görəcəklər... Çünki bu yazılar yaşadığımız cəmiyyətlə, insanlarla bağlı fikir və düşüncələrlə əlaqədardır".
"Cinar-Çap" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunmuş kitabdakı "Niyə yazıram və ya acı həqiqətlər" yazısında isə deyilir: "Ömrüm boyu gözəl, işıqlı insanlar, son dərəcə layiqli işlər, əməllərlə yanaşı, haqsızlıqları, ədalətsizlikləri də çox görmüşəm".
Bəli, Xeyrəddin Qoca o yazıçılardandır ki, həyatda gördüklərini, ürəyindən keçənləri açıq yaza bilir, heç zaman mövqeyini ortaya qoymaqdan çəkinmir. Ona görə, yazıçının bu kitabının oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq.
 
AzərTAc



Tanınmış yazıçı, ictimai xadim
Bu ağır, keşməkeşli zamanəmizdə ustadlarımızın yolunu şərəf və ləyaqətlə davam etdirən, xalqın inkişafı, maariflənməsi üçün ömrünü sərf edən istedadlı qələm sahibləri bu gün də var. Onlardan biri də Xeyrəddin Qocadır, istedadlı yazıçı-publisist, dramaturq, tanınımış ictimai xadim, gözəl insan Xeyrəddin Qoca!
İlk yaradıcılığa jurnalist məqalələri ilə başlayan yazıçı sonradan yazdığı mənalı əsərləri ilə ədəbi bir simaya çevrilb. Onun adı artıq Azərbaycanın hüdudlarını çoxdan aşaraq yazıçıya böyük nüfuz, hörmət gətirib. Hərdən düşünürəm, nə yaxşı ki, bu cür qeyrətli, vətənpərvər ziyalılarımız var! Özü də məhz ədəbi ənənələrimizə sadiq qalan, onu yaşadan ziyalılarımız! Təsadüfi deyil ki, ilk yaradıcılığa on səkkiz yaşında yazdığı “Hədiyyə” adlı satirik hekayə ilə başladı və maraqlıdır ki, bu yazı o dövrdə Molla Nəsrəddin ənənələrini yaşadan “Kirpi”-də çap olundu. Heç şübhəsiz ki, bu hadisə onun gələcəkdə böyük satirik yazıçı kimi yetişməyinə bir zəmin oldu. Professor Pənah Xəlilov yazır ki, “Onun satiraları oxucunun fikrincə satiradırsa, mənim fikrimcə, qroteksdən uzaq olan məlhəmli gülüşdür.” 
Mən onu ilk dəfə illər öncə yazılarından tanımışam. “Kirpi” jurnalında, “Ədəbiyyat və incəsənət” qəzetində gedən məqalələrini həmişə birnəfəsə, böyük zövqlə oxumuşam. Əsl yazıçı odur ki, heyrətləndirməyi bacarır. Aristotel deyirdi ki, “Təfəkkür təəccübdən başlayır.” Doğrudan da, Xeyrəddin Qoca öz mənalı yazıları, məqalələri ilə hələ sovet dönəmində hər zaman beynimizi, təfəkkürümüzü oyadıb, bizləri düşünməyə vadar edib. Mənfi xarakterli insanlar hər bir cəmiyyətdə olur. Xeyrəddin Qoca məhz belələrinə - yalnız özünü düşünənlərə, dilimizi korlayanlara, başqasının istedadına paxıllıq edənlərə, ləyaqətsizlərə, riyakarlara, torpağı, vətəni dəyərləndirməyənlərə qarşı mübarizə aparır. Yazıçının “Hərə öz payını götürsün”, “Xeyrəddin Qocanın gülüşü”, “Marallar” və başqa kitabları, zənnimcə, çoxlarının stolüstü kitabıdır. İnsan onun hekayələrini oxuyanda, səhnələşdirilmiş əsərlərinə tamaşa edəndə mənəvi zövq alır, düşünür. Çünki Xeyrəddin Qoca bu əsərlərində bizi elə özümüzə təqdim edir. Məşhur türkiyəli jurnalist-yazıçı, indi dünyasını dəyişmiş İrfan Ülkü yazır ki: “Xeyrəddin Qocanın “Bu dünyadan məktubları”nı oxuyun, “biz-bizə bənzəriz” fikrinin nə qədər gerçək olduğunu görəcəksiniz...” Cəmiyyətdə baş alıb gedən naqislikləri, əyrilikləri olduğu kimi, həm də zamanında qələmə almaq, hər yazıçıya xas cəhət deyil. Əslində, hər yazıçı da buna cəsarət etmir. Xeyrəddin Qoca sadə xalqın içindən çıxdığı üçün dərdlərimizi görə bilir. Sabir demişkən: “düzü düz, əyrini əyri” yazmağı bacarır. Xeyrəddin Qoca təkcə yazılarında deyil, həyatda da, Mövlana demişkən, “olduğu kimi görünən” insanlardandır. Əslində, şəxsiyyət çox böyük anlamdır və hər insana şəxsiyyət demək olmaz. Şəxsiyyətdə istedaddan başqa bir çox insani keyfiyyətlər, fərdiyyət də formalaşmalıdır və düşünürəm ki, əgər şəxsiyyət varsa, istedad özü gələcək. O, həmişə vicdanının səsini dinləyib, bütün yalanlardan, riyakarlıqdan, xudbinliklərdən uzaq bir insan kimi cəsarətli qələmiylə bu millətə şərəflə xidmət edir.
Ağdaşın Qulbəndə kəndində sadə bir müəllim ailəsində dünyaya göz açan Xeyrəddin Qoca həm də kasıb bir ailənin uşağı olub. Hələ kiçik yaşlarından sovet dövrünün bəzi haqsızlıqlarını, yalanlarını yaşadığı əyalətdə görürdü və bütün bunlar onun balaca qəlbinə həkk olurdu. “Bu da belə həyatdır” kitabı başdan ayağa tənqidi publisistikadan ibarətdir. Həmin kitabdakı “Niyə yazıram və ya acı həqiqətlər” məqaləsində müəllif yazır: “Fikirləşirəm ki, bəlkə elə sərt həyat məni əlimə qələm almağa məcbur edib? Hə, məhz acı həqiqətlər həyatın sərtliyindən doğur...” Xeyrəddin Qoca çox erkən yaşlarından həyatın acı həqiqətləri ilə qarşılaşmalı oldu... Alman filosofu Kantın bir kəlamı var: “Bütün həqiqətlər cəhənnəm əzabında üzə çıxır.”
Hələ uşaqkən “sərt həyat”ın hər üzünü görən, “həyatının çoxu mübarizələrdə keçən” Xeyrəddin Qoca yazmaya bilməzdi. Ona görə də “Gərək yazam!”-dedi. əlinə qələm götürüb yazdı və həm də “Gülə-gülə ağlamağı, ağlaya-ağlaya gülməyi bacaranlar üçün” yazdı. Özü demişkən: “Vaxtilə Mirzə Cəlil, Sabir, Haqverdiyev niyə yazırdılar? Mən də onun üçün yazıram.” Və heç də təsadüfi deyil ki, yazıçı-satirik indiyə qədər neçə-neçə kitabları, o cümlədən, “Filankəslər”, “Hərə öz payını götürsün”, “Marallar”, Türkiyədə nəşr olunmuş “Bu dünyadan məktublar”, “Gərək yazam..”, “Hərənin öz payı” (iki hissəli satirik komediya), “Pyeslər”, “Bu da belə həyatdır...” kitabları, yüzlərlə publisistik məqalələri, felyetonları oxucunu düşündürür. Düşündürür, həm də tərbiyələndirir, islah edir.
Ədibin bir çox dram və satirik əsərləri, o cümlədən, “Hərənin öz payı”, “Qonşulaşma, qohumlaşma, kirvələşmə”, “Düzü-düz, əyrini-əyri”, “Bu bizim zəmanədir”, “Toy olacaq” kimi əsərləri müxtəlif vaxtlarda Akademik Dram Teatrında, Azərbaycan Dövlət Televiziyasında səhnələşdirilmiş, radio efirlərində səslənmişdir.
Günümüzün acı həqiqətlərini qələmə alan Xeyrəddin Qoca kimi yazıçıların sözünün təsir qüvvəsi isə daha böyükdür, çünki, onun yazdıqlarından” hərə öz payını” götürür, çünki onun qəhrəmanları-”Maral”ları elə bu gün zamanəmizdə yaşayan, bizim hər gün qarşılaşdığımız insanlardır. Çünki özü demişkən, “ Mənim marallarımın böyüyü-kiçiyi yoxdur. Maral elə maraldır, hərəsinin bir cür sifəti var. Ağzında “maral” deyirsən. Əbdürrəhim bəydən bu yana əli qələm tutanlar ha yazırlar, bu “maral”ların kökü kəsilmir ki, kəsilmir! Əksinə, pərpətöyün toxumu kimi çoxalır.”
X. Qoca daxilən azad bir yazıçıdır və heç şübhəsiz ki, onun əsərləri ona görə bu qədər güclü alınır. Ədib sözü zamanında deməyi bacarır. Necə ki, klassiklərimiz deyirdi. Bəzi qələm əhli var ki, həyatda gözləmə mövqeyi tutur. Yadıma bir əhvalat düşdü. On-on iki il bunda əvvəl redaksiyalardan birində işləyərkən məşhur bir yazıçıdan müsahibə götürürdüm. Sözarası o mənə kiçik sandığa bənzər mücrünü göstərərək dedi: “ Bilirsən, nə qədər əsərlərim yatır burada? Çıxara bilmirəm üzə, qorxuram qızım, zəmanə çox ağırdır, amma mən öləndən sonra yazdıqlarımı oxuyarlar.” Düzü, mən o vaxt təəccüb etdim ki, bu boyda cild-cild əsərlərin müəllifi görəsən nədən çəkinir? İndi həmin şəxs dünyasını dəyişib, onun sandıq yazılarının səsi hələ ki eşitdilmir.
Xeyrəddin Qoca bu gün Azərbaycan ədəbiyyatında az qala unudulan Molla Nəsrəddin məktəbinin–bu böyük yolun davamçısıdır. Bu, çox şərəfli, həm də Mirzə Cəlil, Sabir, Haqverdiyev yoludur.
Ədib “Ömrümüzü kəsib-doğrayanlar” məqaləsində yazır: “Vətənə, torpağa bağlı bir adamın torpaq dərdinin nə qədər ağır olduğu da hiss ediləcək dərəcədə yaşamağa mane olur.. Üstəlik, səni gözü götürməyənlər, bədxahlar, kölgəni “qılınclayanlar”, hər addımda badalaq gələnlər, yaltaqlar, məddahlar, simasızlar ömrünü kəsik-kəsik, qırıq-qırıq edirlər..” Yazıçının yana-yana qələmə aldığı fikirlər çox düşündürücüdür.
Onu hər şey narahat edir, düşündürür; satqınlıq, riyakarlıq, yaltaqlıq, məddahlıq, paxıllıq, baş alıb gedən eybəcərliklər, yalançılıq, didişmək və s. Bax, belələrinə qarşı “Axı mən sizin kimi yaşaya bilmirəm!”-deyərək qələmi ilə mübarizə aparır ədib. Dilimizi korlayanlara qarşı çıxaraq yazır: “Axı nə olub bizim baldan şirin, ana laylası kimi saf, təmiz, axıcı, musiqili Azərbaycan dilimizə?” Burada yenə Mirzə Cəlil və onun qeyrəti yada düşür... Hərdən düşünürəm ki, bu cür insanlar yazmasaydı, bəlkə də ömürləri çox qısa olardı.. “İncil”də deyilir ki, “Yazıçı yaza-yaza özünü xilas edir.”
Xeyrəddin Qoca həyati hadisələri qələmə alır. Yazıçı məqalələrinin birində yazır ki, “təmiz yaşamaq o qədər də asan deyil..” Doğrudan da, belə çətin zəmanədə ad-sanı, təmizliyi qorumaq, şərəflə yaşamaq asan deyil, çətindir. Bu, hər şairə, yazıçıya, alimə, ziyalıya nəsib olmur.
Çox gənc ikən yazdığı kiçik bir hekayəyə görə Cəfər Cabbarlını jandarm idarəsinə gətirirlər. Ona sual verirlər ki, bu qədər mövzunu hardan tapırsan? O isə cavab verir ki, mövzu özü məni tapır... Xeyrəddin Qoca da hər gün “lazım olan” mövzularla rastlaşır və dərhal onları qələmə alır. Bir məqaləsində yazır: “Çox vaxt ağıllı söz deyənlər, istedadlı adamlar, yaradıcı insanlar gözdən salınır. Bilirsinizmi, onları kimlər gözdən salır? Səviyyəsiz, heç bir qabiliyyəti olmayan “varatnikli kötüklər!” Allah Cabbarlıya rəhmət eləsin!” Doğrudan da, sanki tarix təkrar olunur.
Zənnimcə, bu gün Xeyrəddin Qocanı anlayanlar anlamayanlardan daha çoxdur. Xeyrəddin Qoca kimi yazıçılar üçün: “Qabili-imkanmı olur qanmamaq; Məcməyi-nar içrə olub yanmamaq?”
Zaman keçir, insan yaşa dolur. Zamanın axışını yazıçılar daha həssassıqla hiss edirlər. Odur ki, X.Qoca yazır: “Ehtiyaclar, məişət qayğıları, mübarizələr burulğanında bir vaxt gözümü açdım ki, altmış yaşa çatmışam...” Dünən əlinə çanta alıb yellədə-yellədə Ağdaş rayonunnun Qulbəndə kənd məktəbinə gedən, sonra Qəsil kənd orta məktəbini başa vuran, sonra ali təhsil alan Xeyrəddin Qocanın artıq altmış yaşı tamam olur. Əslində, o, hələ əsərlərinin çoxunu yaza, ürəyindəkiləri deyə bilməyib... Onun üzündə, xüsusən də gözlərində həmişə gizli bir kədər, nigarançılıq duyulur... Yazıçı nədən nigarandır görəsən? İşğal olunan dədə-baba torpaqlarımızdanmı, tarix boyu yadellilər tərəfindən param-parca olunmuş, qismətinə didərginlik, qaçqınlıq düşən bu millətin gələcək taleyindənmi, yoxsa bəzi insanların get-gedə öz yolunu azmalarından, “dinin-imanın” itməyindənmi? Bu dərəcədə millətinə, torpağına bağlı insanlar əslində, daxilən özlərini çox qoca hesab edirlər, çünki onların içində heç kəsin anlaya və görə bilməyəcəyi bir ağrı-acı var- min illərin, əsrlərin, qərinələrin ağrı-acısı... Heç şübhəsiz ki, Xeyrəddin Qocaya bundan sonra min ömür də verilsəydi, o, elə bu cür olardı, bu cür yaşayardı, “Bu, bizim zəmanədir!” deyər, “Hərəyə öz payını” verərdi.
Bu gün onu nəinki Azərbaycanda, eləcə də Baş konsul işlədiyi qardaş Türkiyədə də tanıyır, sevir və hörmət edirlər.
Mərhum prezidentimiz, Ulu öndər Heydər Əliyev Xeyrəddin müəlimə həmişə xüsisi dəyər verirdi. Çünki böyük şəxsiyyət bilirdi ki, onun bir sifəti var. Yadımdadır, bir vaxtlar Heydər Əliyev Moskvada vəzifəsindən uzaqlaşdırılandan sonra vaxtilə Azərbaycanda onun vəzifə verdiyi, necə deyərlər, “çörək verdiyi” nə qədər adamlar ona qarşı çıxmağa, cürbəcür böhtan və iftiralar atmağa başladılar. O zaman Heydər Əliyevə hücum kampaniyası başladığı bir dövrdə Xeyrəddin Qoca öz yazılarıyla böyük liderimizi müdafiə edirdi. Bəzi adamların, gedənin arxasınca “daş atmaları” Xeyrəddin Qocanı hiddətləndirirdi.. Heydər Əliyevi müdafiə etdiyinə görə X.Qoca işlədiyi redaksiyalardan beş dəfə uzaqlaşdırıldı, təqiblərə, təzyiqlərə məruz qaldı. Amma o geri çəkilmədi, mövqeyini sona kimi müdafiə etdi. Əslində o, həqiqəti müdafiə edirdi, insanlara anlatmaq istəyirdi ki, bu qədər ikiüzlü olmayın, bir sifətiniz olsun. Xeyrəddin Qoca sonradan Milli Məclisin deputatı olanda da ürəyinin səsiylə hərəkət edərək işləyirdi.
Bugün bir yazıçı, sabiq millət vəkili, diplomat kimi Xeyrəddin Qoca cəmiyyətdə böyük hörmətə, nüfuza malikdir. Mən dəfələrlə şahid olmuşam ki, televiziyada onun hər çıxışından sonra tamaşaçılar zəng edərək yazıçıya öz hörmət və rəğbətlərini bildiriblər. Yazıçı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Onun gözəl ailəsi, övladları, nəvələri var.
Əziz Xeyrəddin müəllim! Çox şeylər sizin “yaşamağınıza mane olsa da” “həqiqətin işığını görmək”, “yerini bilməyənlərə yerini göstərmək” naminə yazırsınız. Çoxsaylı oxucularınızdan biri olaraq mən də 60 illik yubileyiniz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, iti qələm, fərəhli günlər arzulayıram.
Südabə SƏRVİ 




Xeyrəddin Qoca – 60
 
Onun əsərlərində zamanın ahəngi duyulur
 
Yazıçı, publisist, sabiq millət vəkili, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq Baş konsulu, məşhur “91-lər”dən biri, Yeni Azərbaycan Partiyasının yaradılmasının fəal iştirakçısı, partiyanın Siyasi Şurasının üzvü, tanınmış ictimai xadim, səmimi, mehriban insan... Bu titulları və şəxsi keyfiyyətləri sadalamaq kifayətdir ki, oxucu söhbətin Xeyrəddin Qocadan getdiyini bilsin. Bu missiyalar və titullar təkcə X.Qocanın kimliyini göstərmir, həm də onun cəmiyyətdə tutduğu mövqeyi ifadə edir. Xeyrəddin Qoca 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində dünyaya göz açmış, Pedaqoji Universitetdə ali təhsil almış, Jurnalist Sənətkarlığı İnstitutunda peşəsinə daha dərindən bağlanmış, Azərbaycan publisistikasına töhfələr vermiş, Mirzə Cəlilin irsini XX əsrin sonlarına uyğunlaşdırmış, Ə.Haqverdiyevin “Marall”larını 80 il sonra yenidən qamçılamış, Bakı ilə İstanbul arasında diplomatik əlaqələrin möhkəmlənməsində rolu olmuş, Milli Məclisdə təkcə söz deməmiş, həm də söz yazmış, ən nəhayət, sadə Azərbaycan vətəndaşıdır. Dostlarının dediyinə görə, səmimi, təvazökar, həmişə arzulanan insandır. Billur kimi saf qəlbi, böyük ürəyi vardır. Təbiəti etibarilə orijinal, maraqlı bir insandır. Onun sözü də, işi də, özü də göz önündədir. Bütün münasibətləri tam aşkardır. Ütülü, ibarəli danışmır. İctimaiyyətin qənaətincə, çirkaba bulaşmamış, siyasət adamı, vətənpərvər publisist, kəskin və dolğun yazıların müəllifi, gülüşü göz yaşı ilə müşayiət olunan satirikdir.
 
Xeyrəddin Qoca sözsüz ki, Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiqləmiş şəxslərdəndir. Düz 40 il əvvəl yaradıcılığına jurnalist məqalələri ilə başlayan yazıçı tədricən öz ampulasını genişləndirərək artıq, ədəbi simaya çevrilib. O, indi mətbuatda minlərlə məqalələrin, bir sıra kitabların, pyeslərin müəllifidir.
Yaradıcı şəxsin ilk qələm təcrübəsi şübhəsiz ki, onun sənətə “vizit vərəqi” olmaqla yanaşı, həm də keçdiyi həyat yolu ilə həmahənglik təşkil edəcək ədəbi janrını da müəyyənləşdirir. Heç də səbəbsiz deyil ki, Xeyrəddin Qocanın ilk yazısı satirik hekayə olmuşdu və o, Molla Nəsrəddin ənənələrini yaşadan böyük satira jurnalında – “Kipri”də çap edilmişdi. Qeyd edək ki, 1968-ci ildə 18 yaşlı gəncin ilk sənət əsəri – “Hədiyyə” hekayəsi “Kirpi” jurnalının baş redaktoru Seyfəddin Dağlının xoşuna gəlmiş və bilavasitə onun tövsiyəsi ilə dərc edilmişdi. Sonralar Süleyman Rüstəmin rəhbərlik etdiyi “Kirpiçilər məclisi”nin fəal üzvü olan Xeyrəddin Qoca keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən “Ədəbiyyat və incəsənət” qəzetinin səhifələrində ardıcıl dərc olunmağa başladı. O, əsərlərində mühüm məsələlərə toxunur, oxucusunu uydurmalar, illüziyalar aləmindən ayırıb, real həyata gətirir, nöqsanları vətəndaş mövqeyindən tənqid edir.
Xeyrəddin Qocanın yaradıcılığı barədə ən dolğun, ən müfəssəl və ədəbi tənqid yönümlü rəyin müəllifi professor Pənah Xəlilov yazıçının yumor və satiralarının sətiraltı mənasını, sətirüstü məziyyətlərini, orijinal dəst-xəttini belə ifadə edir: “Onun satiraları oxucunun fikrincə satiradırsa, mənim fikrimcə qroteskdən uzaq olan məlhəmli gülüşdür. Müəllif özü də yumor ustalarımızdan Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi anır, axırıncının “marallarım” ənənəsinə, Molla Nəsrəddin lətifələrinə güvənir. Ağız ədəbiyyatında gördüyümüz atmaca janrı da, təmsil də müəllifin hörmətlə istifadə etdiyi qaynaqlardandır.
Xeyrəddin Qocanın yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə də süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, idarələrdir, cəmiyyətdir, jurnalistlər, yazıçılar aləmidir” (“Azərbaycan” qəzeti, 5 yanvar 1999-cu il).
X.Qoca satirik əsərlərində həyatın mənfi tərəflərini qəsdən qabarıq, mübaliğəli, gülməli, bəzən də eybəcər şəkildə təsvir edir ki, bunun nəticəsində həmin mənfiliklərin insan həyatına, yüksək qayələrə zidd olduğu, bu mənfiliklərin dözülməzliyi daha aydın meydana çıxır.
Onun əsərlərini oxuyarkən dahi rus tənqidçisi V.Q.Belinskinin məşhur sözləri yada düşür. O, yazırdı: “Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqdan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir”.
Xeyrəddin Qocanın “Filankəslər”, “Marallar”, “Hərə öz payını götürsün”, “Gərək yazam...”, “Bu da belə həyatdır...”, “Bu dünyadan məktublar”, “Pyeslər...” kitabları oxucunu güldürdükcə düşündürür, düşündürə-düşündürə islah edir. Öz yazı tərzi, manerası ilə seçilən bu hekayələrdə gülüşün bütün növlərinə rast gəlmək olar. O, hekayələrini kinayəli gülüş və tənqidi pafosla yüklənmiş eyhamlı fikirlərlə, bədii əyaniliyin bütün imkanlarıyla oxunaqlı bir dildə yazır. Bundan əlavə, dialoqların lakonikliyi, onların dilinin tiplərin xarakterinə uyğunlaşdırılması yazıçının əsərlərini daha maraqlı edir.
Ədib xalqın həyatını yaxşı bildiyinə görə əsərlərində xalq ruhunun güclü təsiri duyulur. Onun əsərlərindəki gülüş sözün həqiqi mənasında ümumxalq gülüşüdür. Bu gülüşün ən gözəl xüsusiyyəti müasir səslənməsi, öz tərbiyəvi-estetik gücünü mühafizə etməsidir.
Sözün “qıza deyilib, gəlinə eşitdirilməsi” ulu yazarlarımızdan bizə qalan ən qiymətli xəzinədir ki, X.Qoca bu xəzinədən dəyərincə bəhrələnməyə çalışır və deməliyik ki, istəyinə nail olur.
Günümüzün acı həqiqətlərini satirik qələmlə oxucularına çatdıran yazıçı öz “marallar”ının hər cür sifətini bacarıqla açır. Tiplərini söz qılıncı ilə yaralayan ədibin uğuru bir də ondadır ki, o mövzulara çox konkret yanaşır və onları öz oxucularına sadə, oxunaqlı ifadələrlə, yığcam və inandırıcı şəkildə çatdırır.
“Yazıq maralların nə təqsiri?” hekayəsində müəllifin etirafına fikir verin: “Görün, bir yazı-pozu əhli nə yazır? Yazır ki, balaca ”marallar”dan çox yazırsan, amma böyük “marallar” qalıb kənarda. Bəs, onları nə vaxt “şərəfə” mindirəcəksən? Rəhmətliyin balası bilmir ki, mənim “marallar”ımın böyüyü, kiçiyi yoxdur. “Maral” elə “maral”dır. Hərəsinin öz sifəti var...”
Bəli, harada cəmiyyətimizə yad ünsürlər varsa, X.Qoca ona müxalifətdədir, əks mövqedədir. Aşağıdakı sözlər çox ibarətamizdir:
“Ayə, görəsən, bütün millətlərdə bu qədər “maral” var, yoxsa, birinci yeri biz tuturuq... Bilmirsən, qarşındakı ziyalıdır, yoxsa yaltaq. Diqqətlə sifətindəki qırışlara baxanda görürsən ki, bu elə ziyalı-yaltaqdır” - deyən müəllif simasızlara öz satirası ilə daha sərt və tərs şapalaq ilişdirir.
“Kibrit Rəhim” hekayəsinə nəzər salaq: İş yeri siqaret çəkmək üçün ayrılan yerin yanında olduğu üçün Rəhim bütün günü qapını aralı qoyub siqaret çəkməyə gələnlərin kimliyinə diqqət yetirir. Əgər rəisdirsə və cibindən siqaret çıxarırsa, tez kibritini götürüb ona yaxınlaşır və sonrası da məlumdur. Adətkərdə olan Rəhim yeni təyin olunan rəisin siqaretini alışdırmaq istəyərkən “kişi”nin bığını yandırır... Hekayədə yaltaqlığın tam çılpaqlığı ilə təsviri çoxlarına ibrət dərsi olacaq səviyyədə güclü təsir bağışlayır və müəllifin az sözlə geniş fikir ifadə etmək bacarığını göstərir.
Professor Pənah Xəlilov yazır: “Xeyrəddin Qocanın “Belə məhkəmə olar?” hekayəsinin qısa məzmunu: “Bazar qırağında yaşlı bir kişi xırda-xuruş şeylər satır, birtəhər dolanırdı...”
Tullanmış köhnə-köşkül ayaqqabıları yamayıb qəpik-quruşa satan fağır bir pinəçinin başına gələnləri Ə.Haqverdiyevin necə təsvir etdiyi yadıma düşdü... Növbəti alış-verişdə alıcı pinəçiyə elə qiymət təklif edir ki, pinəçinin içi göynəyir və dilindən çıxan “ay zalım” sözü ətrafındakı lağlağı uşaqların dilinə düşür. Pinəçi günlərlə evinə qapanıb qalır. Axır ki, qorxa-qorxa bir də bazara çıxanda bu dəfə bazar lağlağıları “ay zalım, gəldin” - deyə, fağır pinəçinin qoparağını götürürlər. Acından ölən pinəçinin meyitini evindən çıxaranda, uşaqlar “ay zalım, bizi qoyub hara gedirsən” - deyə bağırışırlar.
Xeyrəddin Qoca... uşaqları və bazar əhlini polis “ablava”sı və məhkəmə hökmü ilə əvəz edən bir neçə cümləyə qane olur. Onun xırdavatçı qocası tutulub məhkəməyə çəkiləndə məhkəmə “ədalətinə” etirazını bildirir. Bu etiraz bir eyham, günümüzün yumoristi üçün atmacanın sonluğuna çevrilir: “Möhtərəm hakimlər! Siz alçasatanla xalçasatanı qarışdırırsınız. Ona görə mənim kimisinə üç il də (cəza) azdır”.
Bu kinayəli sonluq M.Ə.Sabirin “Pülsüz kişi, insanlığı asanmı sanırsan” istehzasını da yada salır. M.Ə.Sabirlə zamanımız arasındakı vaxt az deyil, çox sular axıb, amma pulsuz kişiyə qapaz insanfsızlığı indiyə qədər cəmiyyətdə qalıbsa, buna kinayə etmək qələm əhli üçün aktualdır.
“Ədib görəsən inanırmı ki, toxunduğu hər ”maral” onun atmacalarından nəticə çıxaracaqdır? Mən bilən bu problem ədib üçün niyyətdir, əsas məqsəd deyil, məqsəd həyat problemlərimizin həlli üçün düşünmək, insafları oyatmaq, buna üstüörtülü də olsa münasibət bildirmək zəruridir” (“Azərbaycan” qəzeti, 5 yanvar 1999-cu il).
İndi Molla Nəsrəddin həyatda yoxdur. Lakin mollanəsrəddinçilik davam etməkdədir. Məhz cəmiyyətdəki nöqsan və bəlaları özünəməxsusluqla açıb göstərdiyindəndir ki, yazıçının əsərləri dərin həyati məzmun kəsb edir. Onun satiraları çoxyönlü, obyektiv, qərəzsiz və səmimi olmaqla yanaşı, bəzən aramsız və amansızdır. Həyat həqiqətlərinə, faktlara münasibətdə kinayə, istehza ikibaşlı söz, eyhamdan istifadə edən ədib çox vaxt əks mənalı ifadələrlə oxucunu tərsinə düşünməyə vadar edir. Ona görə də, Xeyrəddin Qocanın satirik gülüşü səfərbəredicidir.
Yazıçı yaradıcılığında siyasətlə ədəbiyyatı birləşdirməyə də nail olur. Gündən-günə sayı göbələk kimi artan partiyalarda gedən proseslər, “siyasətçilər”in əməlləri, hərəkətləri və s. onun acı gülüşünə çevrilir. “Ədəbiyyat qəzeti”ndə tez-tez dərc edilən hekayələrini oxuyanlar bu dediklərimizin həqiqət olduğunu görərlər.
X.Qoca güclü müşahidə qabiliyyətinə malikdir. Nöqsanları, çatışmazlıqları hamı görür. Ancaq o, tək müşahidə ilə kifayətlənmir, onların səbəblərini açaraq, canlı obrazlar yaratmağa müvəffəq olur, ən ümdəsi nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır.
Xeyrəddin Qoca, həm də dramaturqdur. O, maraqlı komediyalar müəllifidir. Onun jurnalistlikdən yumora, sonra satiraya, daha sonra dramaturgiyaya gəlməsində bir qanunauyğunluq var. Pyeslərində hadisələrə dərin bir baxış olmaqla yanaşı, ictimai ziddiyyətlərə ciddi münasibət açıq görunur.
Akademik Milli Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə 2002-ci ildə tamaşaya qoyulan “Hərənin öz payı...” komediyası X.Qocanın ilk səhnə əsəridir. Bu pyesin bir sıra tamaşaları böyük anşlaqla qarşılandı və bir neçə il səhnədən düşmədi.
“Hərənin öz payı...” komediyasında müəllif cəmiyyətdəki neqativ halları gah üstüörtülü, gah da açıq şəkildə, gah yığcam bir əhvalat halında, gah da zarafatyana əks etdirmiş, mənalı komik obrazlarla zəngin düşündürücü bir əsər yaratmışdır. Təsadüfi deyil ki, hər bir fikir, hər bir kiçik əhvalat oxucuların, tamaşaçıların ürəyindən, “tikan çıxarır”, onların alqışları ilə müşayiət olunur.
Cəmiyyətdəki çatışmazlıqların, nöqsanların, eybəcərliklərin fonunda Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin obrazları canlanır. Yeri gəlmişkən, qeyd edək ki, ilk dəfə olaraq X.Qoca üç görkəmli qələm sahibinin birlikdə səhnə obrazlarını yaratmışdır. Mətbuat “Hərənin öz payı...” pyesinin səhnə təcəssümünü çox yüksək qiymətləndirmişdir.
Azərbaycan Dövlət Televiziyasında əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin rejissorluğu ilə tamaşaya qoyulmuş “Qonşulaşma, qohumlaşma, kirvələşmə” (2004) komediyası isə Xeyrəddin Qocanın ilk ekran əsəridir.
...Rəis işləyən Ağazal daha böyük vəzifəyə qalxmaq üçün dəridən-qabıqdan çıxır. O, bu məqsədlə necə olursa-olsun, qızını yüksək vəzifəli bir şəxsin oğluna vermək istəyir. İmkanlı yeznə axtarışına çıxan Ağazal qızının başqa sevgilisinin olduğundan xəbərsizdir. Sevdiyinə hədsiz vəfalı olan qızının sevgilisi də ləyaqətli oğlandır. Böyük arzularla yaşayan rəisin xəyalları sonda alt-üst olur. Vəzifə hərisliyinin nəticəsində o, rəislikdən də çıxarılır. Qızı isə çevdiyi oğlanla ailə qurmağa hazırlaşır...
Sonra X.Qoca bir-birinin ardınca “Düzü-düz, əyrini-əyri” (2006), “Bu bizim zəmanədir” (2007), “Toy olacaq...” (2008 pyeslərini yazdı və bu pyeslər Azərbaycan Milli Radiosunun tamaşaları kimi efirdə səsləndi, dinləyicilərin marağına səbəb oldu.
Yazıçının Heydər Əliyev Sarayında keçirdiyi “Bilirəm, səsim xoşunuza gəlməyəcək...” adlı satira gecəsini tamaşaçılar hələ də xatırlayırlar. Göründüyü kimi, ədib orijinal, özünəməxsus ad seçmişdir. Çünki yazıçı böyük Mirzə Cəlilin, Sabirin, Ə.Haqverdiyevin də “səslərinin” çoxlarının xoşuna gəlmədiyini yaxşı bilir...
Vaxtilə Məmməd Arif yazırdı: “Yazıçı, şair yaşa dolduqca onun sənət xəzinəsi də zənginləşir. Barlı ağacın meyvələri yetişdikcə, şirəyə dolub ağırlaşdığı kimi, yazıçının da əsərləri artır, ədəbiyyata xidməti çoxalır və haqqında söz demək müəyyən bir hadisəyə cavab olmaqdan başqa, ümumxalq əhəmiyyəti qazanır. Hətta ədəbiyyatımız üçün bir ehtiyac, bir zərurət halı olur”.
Xalq yazıçısı Anarın X.Qoca haqqında fikri: “Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur”.
Xalq şairi Zəlimxan Yaqub: “Xeyrəddin Qoca yazıçıdır, jurnalistdir, qələm adamıdır, ədəbiyyat adamıdır, ziyalıdır. Cəlil Məmmədquluzadədən gələn, Əbdürrəhim bəy Haqverdiyevdən gələn, haradasa Yusif Vəzir Çəmənzəminlidən gələn, Sabirin ruhundan süzülən ilahi duyğular bu gün Xeyrəddin Qocanın dövrlə, zamanla bağlı nəfəsində ayrı bir ahənglə səslənir. O, bu yazıçıların ruhunu özündə ehtiva eləyir”.
Hidayət, şair: “Xeyrəddin Qoca yüksək tərifə, xoş sözlərə layiq şəxsiyyətdir, ziyalıdır, yazıçıdır. O, gözəl publisistdir, gözəl jurnalistdir, gözəl nasirdir, gözəl satirikdir. Mənə elə gəlir ki, o, həyatdan bir süjet götürür və onu olduğu kimi verir. Bəlkə də, Xeyrəddin Qoca bu süjeti həyatdan götürmür. Yazdıqları yaradıcılıq təxəyyülünün məhsuludur. Lakin mən həmişə Xeyrəddin Qocanın bədii yazılarında, publisistikasında təsvir etdiyi süjetlərdə bir bütövlük görmüşəm. Mənim diqqətimi o cəlb edir ki, yazıçı bir süjeti götürür, işləyir və sonra da deyir ki, “Hərə öz payını götürsün”...”
Dürsün Özdən, türk yazarı: “Azərbaycan yazıçısının “Bu dünyadan məktublar...” kitabındakı əsərlər eybəcərliklərin mövzusu baxımından maraqlı, kəsərli bir satira nümunəsidir”.
Xeyrəddin Qoca Nəsrəddin Xoca kimidir... Türk oxucularına “Bu dünyadan məktublar...” kitabını mütləq oxumalarını məsləhət görürük. Xeyrəddin Qocanın ümid və işıq dolu böyük ürəyindən gələn sevgi və hərarət içinizdə işıq yandıracaqdır. Çevrəniz sizin üçün aydınlaşacaq və ürəkdən güləcəksiniz. Həm də mütləq düşünməyə vadar olacaqsınız...”
Xalq şairləri Qabil, Cabir Novruz, Sabir Rüstəmxanlı, professor Nizami Cəfərov, türk professoru Camal Anadol və başqaları da Xeyrəddin Qocanın yaradıcılığına yüksək qiymət verirlər.
Türk yazıçısı Ürfan Ülkü yazır: “Xeyrəddin Qocanın “Bu dünyadan məktublar...”ını oxuyun, “biz-bizə bənzəriz” fikrinin nə qədər gerçək olduğunu görəcəksiniz...”
Xeyrəddin Qoca yazıçı olmaqla yanaşı, cəmiyyətimizdə həm də mərd, qeyrətli insan kimi tanınmışdır. 1990-cı ildə Rusiyanın və Azərbaycanın kommunist mətbuatında Heydər Əliyevə böhtan və iftira kampaniyası başlananda, əlində qələmindən başqa heç nəyi olmayan yazıçı ilk olaraq görkəmli siyasi xadimin müdafiəsinə qalxdı. O zaman Heydər Əliyev haqqında mətbuatda heç kim bir kəlmə belə müsbət fikir yaza bilməyəndə namuslu qələm sahibi baş redaktoru olduğu “Dan ulduzu” qəzetində böyük insan haqqında səhifə-səhifə məqalələr yazdı. Xeyrəddin Qoca bu təəssübkeşliyi ilə təkcə öz mövqeyini açıqlamırdı, həm də cəsarəti ilə çoxlarına dərs verirdi. Bu o zamanlar idi ki, Heydər Əliyev hələ Moskvadan Naxçıvana gəlməmişdi. Hələ “91-lər”in müraciəti imzalanmamışdı, Yeni Azərbaycan Partiyası yaradılmamışdı, “Yeni Azərbaycan” qəzeti də çıxmırdı...
X.Qoca jurnalistikada da, bədii yaradıcılıqda da, həyatda da öz sözü, nəfəsi olan, orijinal bir şəxsdir. Əgər reallığı bütün çılpaqlığı ilə çəkinmədən həyatda və bədii yaradıcılıqda deyə bilən demokratik şəxs adlanırsa, onda Xeyrəddin Qocaya həm də demokratik yazar deyə bilərik.
O, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu kimi Bakı ilə İstanbul arasında diplomatik əlaqələrin möhkəmlənməsində rolu olmuş, dövlətimizin xarici siyasətinin qardaş ölkədə formalaşmasında öz səylərini göstərmişdir. 2000-ci ildə ədibin həyat və yaradıcılığından bəhs edən “Xeyrəddin Qoca” adlı fotokitab, 2005-ci ildə isə “Ömür belə keçir...” adlı kitab buraxılmışdır. Onun əsərləri, fotoşəkillərinin bir qismi və mətbuat yazıları S.Mumtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, pyesləri tamaşaları, televiziya çıxışları, müxtəlif səs yazıları isə Dövlət Səsyazma Arxivində qorunub saxlanılır. İctimai Televiziya yazıçı haqqında “Ömür belə keçir...” adlı film çəkmişdir.
Azərbaycan Prezidentinin 19 mart 2007-ci il tarixli Sərəncamı ilə mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.
Yazıçı və ictimai xadim Xeyrəddin Qocanın 60 yaşı tamam olur. Onun mənalı və zəngin ömrünü yaş həddi ilə ölçmək çətindir. Ədib klassik və çağdaş Azərbaycan ədəbiyyatı bulağından su içə-içə yazıb-yaratmaqda davam edir...
 
 
Mirsaleh AXUNDLU



Həyati proseslərin axarında
 
Çoxcəhətli fəaliyyətə malik olan Xeyrəddin Qocanın keçdiyi yol maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatik işə, qəzetçilikdən satirik nəşrə qədər geniş bir dairəni özündə cəmləşdirir. Keçilən yolun təhlili göstərir ki, maarifçilik onun çoxcəhətli fəaliyyətinin möhkəm bünövrəsini təşkil edir. Yazıçı üçün zəruri olan cəmiyyət həyatının, ictimai gedişatın, insanlararası münasibətlərin dərindən dərk olunub ələkdən keçirilməsi maarifçi düşüncənin səviyyəsi ilə müəyyən olunur. Müəllim ailəsində böyüyüb boya-başa çatması, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alması Xeyrəddin Qocanın maarifçi dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətə malikdir.
 
Həyatını bütövlükdə maarifçiliyin təməl prinsiplərindən biri olan mətbuata bağlaması da onun maarifçi baxışlarının yetkinləşməsində və zənginləşməsində rol oynamışdır. Xeyrəddin Qocanın maarifçi dünyagörüşü, müəllim ailəsi, məktəb, mətbuat, ədəbiyyat və teatr mühitində mərhələ-mərhələ inkişaf edərək müəyyən baxış bucağının yaranması ilə nəticələnmişdir. Fikrimizcə, onun yaradıcılığında əsas yer tutan bütün həqiqət axtarıcılığı amili də milli maarifçiliyin zəminində ərsəyə gəlmişdir.
Mətbuat sahəsində keçdiyi yol Xeyrəddin Qoca üçün ilk növbədə həyatı və insanları daha yaxından tanımaq, habelə qələm vərdişləri qazanmaq baxımından böyük məktəbə çevrilmişdir. “Politexnik” qəzetinin müxbirindən, ayrı-ayrı qəzet redaksiyalarında daşıdığı baş redaktor müavini vəzifələrindən “Dan ulduzu” və “Yeni Azərbaycan” qəzetlərinin baş redaktorluğunadək keçilən çətin və məsuliyyətli yolun təcrübəsi onun üçün təkcə qəzet materiallarını geniş oxucu kütləsinə çatdırmaqdan ötrü yox, həm də həyat materialını dərindən öyrənmək baxımından ciddi zəmin hazırlamışdır. Beləliklə, maarifçi dünyagörüş və zəngin həyat təcrübəsi Xeyrəddin Qocanı yaradıcılığa və ictimai fəaliyyətə gətirən başlıca amil olmuşdur.
XX əsrin sonlarında Xeyrəddin Qoca artıq mətbuatda və həyatın burulğanlarında bişib möhkəmlənmiş yetkin qələm və əqidə sahibi idi. Cəmiyyət həyatında baş verən mürəkkəb ictimai-siyasi proseslərin alt qatlarını, dərinliklərini görə bilmək, əsas inkişaf meyllərini düzgün dəyərləndirmək bacarığı sayəsində o, xalqımızın nicatı yolları barədə düşünərkən görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevə üz tutmağın zərurətini hamıdan tez hiss edənlərdən, qəbul edənlərlən biri kimi yeni Azərbaycan uğrunda fəal mübarizəyə qoşulanlardan olmuşdu. Xeyrəddin Qoca yeni azərbaycançılıq hərəkatına ürəklə bağlı olan, bu hərəkatın gələcəyinə dərindən inanan vətənpərvər Azərbaycan ziyalısıdır. Yeni Azərbaycan Partiyasında və eyniadlı qəzetdəki səmərəli fəaliyyəti onun həyatının əhəmiyyətli səhifələridir: “Yeni Azərbaycan” qəzetindəki məqalələri geniş mənada yeni azərbaycançılığa xidmətin yaddaqalan publisist notlarıdır. Milli Məclisin deputatı kimi də Xeyrəddin Qoca yeni azərbaycançı mövqeyinin daşıyıcısı və müdafiəçisi kimi fəaliyyət göstərmişdir. Nəhayət, Türkiyə Cümhuriyyətinin İstambul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində çalışan Xeyrəddin Qoca müstəqil dövlətimizin maraqlarının ölkəmizdən kənarlarda da qorunub möhkəmləndirilməsi yollarında mühüm xidmətlər göstərmişdir.
Heç şübhəsiz ki, Xeyrəddin Qoca, hər şeydən əvvəl, tanınmış qəzetçi-publisistdir. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibət, habelə qələm vərdişlərinin yetkinliyi onun publisistikasının səciyyəvi xüsusiyyətləridir. Azərbaycan mətbuatının mübariz ənənələri üstündə köklənmiş Xeyrəddin Qoca ölkəmizdə yeni tarixi mərhələnin publisistikasının əsas yaradıcılarından biridir. Ümumiyyətlə, o, müstəqillik dövrü yeni azərbaycançı publisistikasının tanınmış nümayəndəsidir. Publisistikadakı ictimai kəsər, vətəndaşlıq mövqeyi, cəsarətli münasibət onun yazıçı kimi daha da inkişaf edib yetkinləşməsinə müsbət təsir göstərmişdir.
Azərbaycan oxucusu Xeyrəddin Qocanı daha çox satirik yazıçı kimi tanıyır. Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan satirik nəsrinin görkəmli təmsilçisidir. O, hələ tələbəlik illərində satirik nəsr sahəsində ilk addımlarını atmış, sonralar həyatının bütün mərhələlərində satiraya sadiq qalaraq, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirmişdir. Vaxtilə “Kirpi” jurnalında çap edilən satirik hekayələri və felyetonları ilə o, geniş oxucu auditoriyasının və ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Bütün bunlarla bərabər, Xeyrəddin Qoca əsas satirik yazıçı kimi müstəqillik dövründə parlamış, böyük nüfuz qazanmışdır. O, satirada qüdrətli yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır. Özünün etiraf etdiyi kimi, onun satira yaradıcılığına ardıcıl münasibətlərin mahiyyətində “mollanəsrəddinçilik işini davam etdirənlərdən biri olmaq arzusu” əsas yer tutur. Hazırda Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir. Xüsusən, satirik şeir yazmaq istiqamətində müəyyən canlanma müşahidə olunsa da, ədəbi mühitdə satirik nəsr və publisistika üzrə böyük bir boşluq nəzərə çarpır. Xeyrəddin Qoca hazırkı mərhələdə satirik nəsrin və vətəndaşlıq publisistikasının fədakar yaradıcısıdır. Məhz onun yorulmaz satirik kimi ardıcıl yaradıcı fəaliyyəti ilə ədəbiyyatımızda həmin boşluq hiss olunur.
Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatür satirik nəsrin əsas yaradıcısı kimi tanınır. Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq Xeyrəddin Qocanın satirik nəsrinin ana xətləridir. “Hərə öz payını götürsün”, “Bu dünyadan məktublar...”, “Filankəslər”, “Marallar”, “Gərək yazam...” kitablarında toplanan hekayələr onun kiçik janrın ciddi yaradıcılarından biri olduğunu nümayiş etdirir. Vaxtilə “Molla Nəsrəddin” dərgisində dərc olunmuş, “Nəsihəti-hekayə”yə nəzirə kimi yazılmış “Səbr et”, “Mənə də qalmadı”, “Yalan-palan”, “Gərək adamın olsun”, “Toy nə üçündür”, “Qəmiş qoyma”, “Kirayənişin”, “Bu ilin ulduz falı”, “Usta Qəmbər” və sair hekayələrində Xeyrəddin Qoca cəmiyyətin inkişafına mane olan meylləri ciddi yazıçı sərrastlığı ilə seçib ayırmış, görüb göstərmişdir. O, Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın “marallar”ının bədii obrazını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın “maralları” Molla Nəsrəddin marallarının davamçıları, xələfləridir. O, tənqid hədəfi, obyekt kimi seçdiyi mövzunu və ya obrazı konkret həyat hadisələrinin axarında göstərməklə nəticə olaraq “hərə öz payını götürsün” prinsipinə əməl edir. Xeyrəddin Qocanın satirasında nəsihətçilik yoxdur. Bu hekayələrdən nəticəni oxucu özü çıxarmalı olduğu üçün Xeyrəddin Qocanın satirası düşündürücü gülüşün bədii ifadəsinə çevrilir.
Miniatür satirik nəsr sahəsində uğurlar qazanan Xeyrəddin Qocanın 2007-ci ildə “Çinar-çap” nəşriyyatında nəşr edilmiş miniatür kitabı bu janrda oxuculara təqdim edilən kiçik həcmli ilk topludur. Müəllifin satirik etüdləri xatırladan hekayələri həcm etibarilə miniatür kitabın bir səhifəsində, yarı vərəqində yerləşir. Bununla belə, həcm baxımından çox yığcam olan hekayəciklərdə təsirli və düşündürücü mətləblər öz əksini tapmışdır. Çox yığcam hekayə mətnində böyük mətləbləri əks etdirmək Xeyrəddin Qocanın yaradıcılıq özünəməxsusluğu hesab oluna bilər. Hətta cəmi bir cümlədən ibarət olan “atalar sözləri” formatındakı satirik etüdləri vasitəsilə də Xeyrəddin Qoca hər hansı bir hekayənin ifadə edə biləcəyi mətləbi canlandırmağı bacarır: “Bir vəzifəyə sahib olur-olmaz özünə qoruma tut ki, önəmli kişidir desinlər; Yalandan gülümsə ki, qəlbindəki bəlli olmasın” qəbilindən olan yazıçı təxəyyülü vasitəsilə yaradılmış atalar sözlərinin bətnində ciddi bir hekayənin mətni yaşayır. Yazıçının cəmi iki-üç sətirdən ibarət olan satirik tövsiyələri də miniatür satirik nəşrin yaddaqalan örnəkləri kimi diqqəti cəlb edir: “Müdirin yanına getmək istədiyiniz zaman öncə katibədən “bu gün onun əhvalı necədir” deyə soruşun; Yardım etdiyiniz kişini minnət altında qoyun. Yoxsa işin öz-özünə başa gəldiyini zənn edər, hörmətsiz olarsınız; Azərbaycan musiqisini çox dinləməyin, yoxsa geri qalmışdır deyərlər; Səhnədə kim çox bağırırsa onu alqışlayın. Bu, o deməkdir ki, o, çox yaxşı oxuyur”.
Xeyrəddin Qocanın satirik nəsrində publisistika əlamətləri güclüdür. Bu, bir tərəfdən müəllifin qəzetçiliklə daha çox məşğul olmasından, digər cəhətdən isə seçilmiş mövzuların xarakterindən irəli gəlir. Publisistik meyl yazıçının miniatür hekayələrinin aktuallığını, müasirliyini və kəsərini daha da artırır. Xeyrəddin Qocanın miniatür satirik nəsr nümunəsi olan bir çox kiçik hekayələri həyatda baş verən hadisələr təəssüratı oyadır. Bir çox hallarda isə o, özünün iştirakı ilə olmuş əhvalatları, yaxud şəxsən müşahidə etdiyi həyati məqamları qələmə almaqla miniatür satirik hekayələr yaratmağa müvəffəq olur.
Satirik nəsrlə yanaşı, komediya janrında da Xeyrəddin Qoca özünəməxsus uğurlar qazana bilmişdir. Hekayələri kimi onun komediyaları da yığcam və düşündürücüdür. Bu pyesləri janrına görə şərti olaraq komediyalar adlandırmaq olar. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyevin ictimai idealları ilə müasir həyatın əlaqələndirilməsi əsasında yazılmış “Hərənin öz payı...” komediyası Akademik Milli Dram Teatrının səhnəsində uzun müddət uğurla nümayiş etdirilmişdir. Müasir cəmiyyətin problemlərini əks etdirən “Qonşulaşma, qohumlaşma, kirvələşmə” komediyası Azərbaycan Dövlət Televiziyası ilə tamaşaçılara çatdırılmış və rəğbətlə qarşılanmışdır. “Bu, bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” komediyalarında cəmiyyətdə gedən yeniləşmə proseslərinin işığında, həyati meyllərin axarında mənəvi-əxlaqi dəyərlərin qorunmasının əhəmiyyəti məsələsi gündəmə gətirilmişdir. Bütövlükdə, Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanmışdır.
Azərbaycan ədəbi tənqidinin və tanınmış Türkiyə ziyalılarının Xeyrəddin Qocanın yaradıcılığına verdikləri yüksək qiymət həm də yeni dövr Azərbaycan ədəbiyyatında satiranın dəyərləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Həyatının altmışıncı ilini Xeyrəddin Qoca gülüşlə, təbəssümlə qarşılayır. Xeyrəddin Qocanın yazıçı gülüşü xeyirə, yaxşılığa, halallığa, nikbinliyə yol açır.
 
 
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik




 
Özündən bədgümanlar və ya səviyyəni ölçmək olmur

Ay camaat, mənə elə gəlir ki, bəzi insanlar bekarçılıqdan, işin-gücün azlığından bilmirlər nə etsinlər, başlayırlar onun-bunun qeybətini eləməyə. "Filankəsə niyə vəzifə verdilər", "yaxşı oldu filankəsi vəzifədən çıxartdılar", "filankəs niyə yazı-pozu bacarır, mən bacarmıram", "niyə filankəsin hörməti var, məni sayan yoxdur", "filankəsin başında niyə saçı var, mən keçələm" və s. və i.a. İş o yerə çatıb ki, onun-bunun arxasınca danışanlar başqalarının xasiyyətini, görünüşünü, geyimini belə "müzakirəyə" çıxarırlar.
   
   
   
   
   
   De ki, deyəsən! Rəqiblərini cəmiyyətdə hörmətdən salmaq üçün əldən-ayaqdan gedirlər, dəridən-qabıqdan çıxırlar. Niyə belə edirlər? Çünki özlərinin qabiliyyətləri yoxdur, ağızlarının sözünü əməlli-başlı danışa bilmirlər, təfəkkürləri kasaddır, müstəqil fikirləri yoxdur, geyimlərini, davranışlarını bilmirlər. Beyinlərində isə bircə fikir var: vəzifə tutmaq, var-dövlət qazanmaq! Nə var, nə var, eşidiblər ki, güc vəzifədə, var-dövlətdədir. Belələri bir məqama yetişən kimi (təəssüf ki, onlar özlərinə daha asan yol tapırlar) başlayırlar başqalarına yuxarıdan aşağı baxmağa. Özlərini səviyyəli, başqalarını səviyyəsiz hesab edirlər. Mətbuatda "Səviyyəli kim, səviyyəsiz kim?" başlığı altında bir məqalə çap etdirmişdim, oxumayanlar həmin məqaləni www.xeyreddinqoca.tr.qq internet saytından oxuya bilərlər. Bəli, bu səviyyə məsələsi elə ciddi məsələdir ki, onu saytımda həmişəlik saxlamağı qərara almışam. İndi də yenidən bu mövzuya qayıtmalı olmuşam. Çünki bəzi "səviyyəlilər" başqalarının səviyyəsizliyindən çox danışırlar. Həmin məqaləmdə yazmışdım ki, insanların səviyyəsini ölçən cihaz hələ icad olunmayıb. Elə "səviyyəli" insanlar var ki, ancaq üzdə belə görünürlər, əslində müşahidə etsək görərik, belələrində hər cür sifət varmış. Yaltaqlıq, məddahlıq, simasızlıq, tərbiyəsizlik, əyyaşlıq, rüşvətxorluq. Anadangəlmə genetik mənfi xüsusiyyətləri də nəzərə alın. Deməli, dəqiq müəyyənləşdirmək mümkün deyil, səviyyəli kim, səviyyəsiz kim. Yəni heç kim heç kimi səviyyəli, yaxud səviyyəsiz adlandıra bilməz. Biri üçün səviyyəli görünən başqası üçün səviyyəsiz görünə bilər.
   
   Son zamanlar bu "səviyyəli" adamlar, ifadəmə görə məni bağışlayın, "başları girməyən kola burunlarını soxurlar". Özlərinin də anlamadıqları, dərk etmədikləri efir, mətbuat "nəzarətçisinə" çevriliblər. "Filan televiziya səviyyəsizdir", "filan verilişin səviyyəsi yoxdur", "filan aparıcı anadan səviyyəsiz doğulub", "filankəs səviyyəsiz verilişlərə çıxır, deməli, özü də səviyyəsizdir", "filan qəzetdə səviyyədən əsər-əlamət yoxdur" və s. və i.a. Bu fikirləri söyləyənlər səviyyənin ölçüsünü göstərmir, göstərə də bilməzlər, çünki qeyd etdik, belə ölçü yoxdur, ola bilməz.
   
   Kiminsə kimdənsə xoşu gəlmir, "səviyyəsizdir" deyib aləmə car çəkir.
   
   Görün, vəziyyət nə dərəcəyə çatıb ki, bir vəzifəli şəxsin televiziya aparıcısından xoşu gəlmir, zəng edir ki, "sənin o səviyyəsiz verilişdə nə işin var?!" Bu qafil bilmir ki, televiziya, ayrı-ayrı verilişlər tam səviyyəsiz ola bilməz. Səviyyəsizlik müxtəlif süjetlərə, dəvət olunan bəzi qonaqlara, səslənən bəzi fikirlərə aid ola bilər. Səviyyəsiz qəzet də ola bilməz. Güclü və zəif yazan müəlliflər ola bilər. Xalq arasında hərə özünə cavabdehdir, öz çıxışına, fikirlərinə görə məsuliyyət daşıyır. Verilişə ekspert qismində dəvət olunan insanlardan biri mənalı, məntiqli, məzmunlu danışa bilər, o birinin danışığı bir qəpiyə dəyməz. Axı, hamı eyni deyil. Pult əlindədir, səviyyəsiz hesab etdiyin verilişlərə baxma!
   
   Hər verilişin saysız tamaşaçıları var, onlar daha yaxşı dəyərləndirirlər, verilişləri də, həmin verilişlərin iştirakçılarını da. Necə deyərlər, xalqın gözü tərəzidir. Ayrı-ayrı adamların orda-burda boş-boş danışmalarına ehtiyac yoxdur!
   
   Cəmiyyətdə elə insanlar var ki, hansı təşkilatın, birliyin, qurumun üzvü olub-olmamalarından asılı olmayaraq onları tanıyırlar, sevirlər. Belə insanları üzvü olduğu qurumlar yaranmamışdan əvvəl də, sonra da tanıyırlar. Qulağımıza çatır, utanmadan, çəkinmədən üzümüzə də deyirlər "səni filan təşkilata görə televiziyalara çağırırlar". Hansı ki, televiziyalara dəvət olunanların adları elan olunarkən heç zaman hansı təşkilatın, qurumun üzvü olduqları deyilmir. Buna ehtiyac da yoxdur. Çünki, həmin təşkilat və qurumların bəzən dəvət olunan şəxs qədər hörməti olmur. Verilişlərə söz deyə bilən, məntiqli, mənalı fikirlər söyləyən, müstəqil düşüncəli adamları dəvət etməyə çalışırlar ki, düşüncələrini tamaşaçılara çatdıra bilsinlər. Hər adam efirdə söz deyə bilmir. "Səviyyəli" adamların çoxu isə ekrana çıxıb nala-mıxa vura-vura danışırlar, adam onların əvəzinə xəcalət çəkir! Bir də qələm adamının, yazıçının, jurnalistin işi mətbuatla, efirlə çox bağlıdır.
   
   İnsanlara isə hələ çox sözlər deyilməlidir. Çünki cəmiyyətin dəyərli fikirlərə ehtiyacı var və həmişə olacaq. Görün, cəmiyyətdə nə qədər çatışmazlıqlar, nöqsanlar, eybəcərliklər var. Mən deyərdim ki, bu naqisliklər Mirzə Cəlilin, Sabirin dövründən bəri yüz il keçsə də, qətiyyən azalmır, əksinə, getdikcə çoxalır.
   
   Heç nədən ailələr dağılır, insanlar uzun illər bir-birindən ayrı düşürlər, faciələrə düçar olurlar, hüquqlar tapdanır, əzilirlər, bədbəxtliklərə məruz qalırlar. Kimlərsə onlara yol göstərməlidir, məsləhət verməlidir, hallarına yanmalıdır, kömək etməlidir. Axı bu missiyaları həyata keçirmək - kimə isə əl uzatmaq, kimə isə həyan olmaq, kiminsə dərdinə şərik çıxmaq nəcib və savab işdir. İnsanların hər yerdən əli üzüləndə televiziyalara, qəzetlərə üz tuturlar. Beləliklə, onların dərdləri ictimailəşir. Hərə özü üçün yaşasa, cəmiyyət tamamilə dağılar!
   
   Hər verilişin ortaya-ərsəyə gəlməsi üçün televiziya, radio işçiləri böyük zəhmət sərf edirlər, gecəni gündüzə qatırlar, lazım gələndə ayrı-ayrı şəhərlərə, ölkələrə üz tuturlar ki, həqiqəti üzə çıxarsınlar. Çıxarırlar da! Kiminsə "veriliş səviyyəsizdir" deməsi asandır. Belə fikirlər söyləyənlər hərdən öz səviyyələri haqqında fikirləşsələr yaxşıdır. İndiyədək kimlərin evini yıxıblar, kimləri infarkt ediblər, nə qədər rüşvət alıblar. Qoy bu barədə düşünsünlər. Görsünlər nə gündədirlər! Yoxsa, "filan veriliş belə, filan veriliş elə", "filankəs belə, filankəs elə"! Ayıbdır axı!
   
   Səviyyəsizlik dediyiniz hər yerdədir. Alimlərin də, jurnalistlərin də, siyasətçilərin də, partiyaçıların da, yazıçıların, şairlərin də, idarələrin, təşkilatların, cəmiyyətlərin, qurumların, birliklərin, bütün insanların içərisindədir. Cəmiyyət nə vəziyyətdədirsə, ekranlarımız da o vəziyyətdədir. Ekran həm də gözəl güzgü rolunu oynayır. Kimin kim olduğu aydın görünür.
   
   Bir neçə fakt göstərək. Bəzən efirlərdə jurnalistlər "Qəzetləri niyə oxumurlar" sualına cavab axtarırlar. Hərə bir fikir söyləyir, suala cavab tapılmır. Bir saatlıq verilişin axırında nəticə hasil olunmur. Bir adam da demir, deyə bilmir ki, qəzetlər insanların gördüklərini, bildiklərini olduğu kimi, doğru, düzgün yazmır, yaza bilmir, ona görə oxunmur. Mən də bu məqaləmdə hər şeyi yazmadım, yaza da bilmərəm, çünki heç kim çap etməz. Axı, mən də bu cəmiyyətin bir üzvüyəm!
   
   Bir də görürsən, müzakirə açıblar, "biz niyə xarici ölkələrdəki kimi filmlər çəkə bilmirik?" Yenə hərə bir fikir söyləyir, nəticə isə göz qabağındadır.
   
   Televiziyaların birində sovet filmləri haqqında müzakirələrdə məlum oldu ki, həmin filmlərdə əsil kişi obrazı tapmaq mümkün deyil. Niyə? Biz açıq dedik, gərək kişiləri kiçildəydilər ki, kişiciklər əmələ gəlsin, onları idarə etmək asan olsun. "Böyük dayaq" filmində kolxoz sədri Rüstəm Salman, Məmmədyar, Lal Hüseyn kimi yaltaqları, fırıldaqçıları ətrafına yığıb haqsız işlər görür, camaata yuxarıdan aşağı baxır. Hətta, arvadı ona deyir ki, ay Rüstəm, bu yaltaqlardan, fırıldaqçılardan sənə arxa-dayaq olmaz, yenə başa düşmək istəmir.
   
   "O olmasın, bu olsun" filmində ha axtardıq dürüst bir kişi obrazı tapmadıq. Yenə onların içərisində ən yaxşısı Məşədi İbad oldu. Qalanlarının hamısı dələduz, fırıldaqçı vələdüznadır (Təkcə filmdə canlanan böyük şair və yazıçılardan başqa. Onlar da epizodik obrazlardır).
   
   Amma Amerika filmlərinə baxın. Silvester Stallone, Arnold Şvartsneyger kimi nə qədər aktyor sözün əsl mənasında saysız-hesabsız kişi obrazları yaradıblar. Belə kişilərin hüquqlarını pozmaq olar? Yaşadıqları şəhəri oda qalayarlar, darmadağın edərlər!
   
   Sovet filmlərində qatar hündür körpüdə qəzaya uğrayır, vaqonlar kibrit qutuları kimi aşağı yuvarlanır, insanlar ölmürlər. Adamın başına elektrik dirəyi düşür, heç nə olmur. Çünki kommunist ölməz idi! İndi də həmin ideyalarla filmlər çəkənlər var. Kimə lazımdır belə filmlər?
   
   Mən həmişə sual verirəm, bizimkilərə milyardlarla pul ayırsalar, "Qurdlar vadisi" filminin ssenarisini də versələr, filmi çəkə bilərlərmi? Heç kim düzgün cavab verə bilmir. Öz sualıma özüm cavab verməli oluram: Bu, mümkün deyil! Çünki, həmin filmdə istənilən vəzifəli şəxsi, hətta naziri məhv edirlər, bizdə belə şeyi ekrana gətirmək olar? Söhbət təkcə Azərbaycandan yox, ümumiyyətlə, Sovet respublikalarından çəkilən filmlərdən gedir. Keçmiş Sovet respublikalarının hansı belə bir film çəkə bilər?
   
   "Onun böyük ürəyi" adlı filmdə atılmış, evi-eşiyi olmayan bir qadın qucağında körpə uşaq, məcbur olub otuz kiloqramdan ağır daşları qaldıraraq tərin-suyun içində divar hörür. Mühəndis gəlib deyir ki, yüngül iş tapmışıq, bu iş sənlik deyil. Qadın (gərək ki, adı Səriyyədir) cavab verir ki, yox, mən bu işi buraxan deyiləm. Budur, sovetlərin təbliğatı! Axı, belə təbliğata kim inanar. Ona görə də yalançı, insanların beyninə girməyən təbliğat aparmaq lazım deyil!
   
   Hər yerdə "vətənpərvərlik", "hərbi vətənpərvərlik tərbiyəsi" sözlərinin necə deyərlər, şitini-şorunu çıxarıblar. Türkiyədə bu sözlərin heç biri yoxdur. İnsan doğulduğu, yaşadığı vətənini sevər də! Əgər sevmirsə, ona tərbiyə verməklə necə sevəcək? Çoxları vətəni atıb başqa ölkələrə üz tuturlar. Onlar öz yurdlarından niyə gedirlər? Özlərindən soruşsanız, yaxşı cavablar alarsınız.
   
   Doğru danışın, doğru yazın, cəmiyyət dəyərləndirəcək. Başqa yol yoxdur!
   
   Qaldı özlərindən bədgümanlara, bəzi "səviyyəlilərə" xalq belələrini də tanıyır, xalqa üz tutub ekranlardan, mətbuatdan söz deyənləri də. Heç kim narahat olmasın!
Xeyrəddin Qoca
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb





 
 
  Copyright © 2010  
 
www.xeyreddinqoca.tr.gg Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol